Sərt təpki:““Əli əyri”, bazar təfəkkürlülər bələdiyyələrə toplaşıblar”

İsmayıllıda vəzifəli şəxs torpaq satdığı üçün həbs edilib. Rayonun Keyvəndi bələdiyyəsinin sədri Dəmirov Akif  Balaməmməd oğlunun qanunsuz əməlləri aşkar olunub. A.Dəmirova Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

A.Dəmirov qeyd olunan vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək meşə ərazisində torpağın faydalı üst münbit qatının qanunsuz olaraq daşınmasına köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş şəxsdən aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda pul vəsaitini alarkən cinayət başında yaxalanıb.

Oxşar hadisə digər bölgələrdə də yaşanır desək, yanılmarıq. Çünki əksər bələdiyyə sədri üzərinə düşəni etmir. Belə şəxslər pul qazanmaq üçün hər cür yola əl atır. Məsələn, biri mal-qara, digəri torpaq satışı ilə məşğul olur. Bir sözlə, rayon yerlərində bələdiyyə və icra nümayəndələri bazar təfəkkürü ilə yaşayan biznesmenlərdir. 



Millət vəkili Razi Nurullayev də “Sherg.az”a açıqlamasında vəzifəli şəxslər arasında bazar təfəkkürü olan məmurlar kifayət qədər çox olduğunu söyləyib:

“Təbii ki, savadlı olan, işini və təsərrüfatı bilən, dövlətinə bağlı, mədəni və kübar məmurlarımız da çoxdur. Bələdiyyə üzvləri içərisində isə bazar təfəkkürü daha geniş yayılıb. Bu da rayon və kənd yerlərində olan münasibətlərdən, insanların bir-birini tanımasından irəli gəlir.

Digər səbəb odur ki, bələdiyyələrdə seçkilər düzgün keçirilmir.  Orada müxtəlif maxinasiyalara yol verilir. Məsələn, bir çox bələdiyyə üzvü öz aralarında qruplaşırlar və düşünürlər ki, biz səs çoxluğuna malik olaq, 5-6 nəfər bir-birimizə kömək edək və seçilək.

Savadsız, “əli əyri” və bazar təfəkkürü olan şəxslər bələdiyyə üzvlüyünə salınır. Bu cür şəxslərdən normal davranışı necə gözləmək olar?!”.

R.Nurullayev qeyd edib, ölkəmizdə hazırda bələdiyyələrin fəaliyyəti üçün qanunvericilikdə müəyyən problem yaranıb:

“Bələdiyyə sədri pul qazana bilmir, bunun üçün bilik-bacarıqları yoxdur. Əvvəllər torpaqdan pul qazanırdı, pis-yaxşı vergilər yığırdı. İndi isə insanlar heç vergi vermirlər. Bununla da bələdiyyələrin torpaq satmasına veto qoyulub. Ona görə də bələdiyyələr “acdırlar”, pulsuzdurlar. Düzdür, pullu bələdiyyələr də var. Lakin əksəriyyəti imkansızdır. Bunun üçün də müxtəlif yollarla pul əldə etmək istəyirlər.

Beləliklə, qanunsuzluqlara yol verir, müəyyən zamandan sonra həbs olunurlar. Çünki bazar təfəkkürünə malikdirlər, bilik və bacarıqları yoxdur, elə işə əl atırlar ki, məsələnin üstü tez açılır və özlərini “yandırırlar”.

Fikrimcə, normal bələdiyyələrin olması üçün bələdiyyə seçkilərinə qədər olan prosesdə və seçki prosesində daha normal namizədlərin irəli sürülməsi və seçilməsi vacibdir”.