Ali məktəblərə muxtariyyət verilir

Kamran Əsədov: "Tam muxtariyyət olmalıdır ki, onlar istər qəbul prosesi, istər beynəlxalq əməkdaşlıqla, istərsə də işə qəbulda müstəqil və çevik qərarlar qəbul edə bilsinlər"

Azərbaycanda ali məktəblərin muxtariyyət hüququ müəyyənləşir.  "Ali təhsil haqqında" qanun layihəsinə əsasən, ali təhsil müəssisəsinin muxtariyyəti ali təhsil müəssisəsinin təsisçiləri tərəfindən qoyulmuş vəzifələrin həyata keçirilməsinin yollarını və formalarını sərbəst seçmək hüququ və eyni zamanda müəssisədə əldə etdiyi təhsilin keyfiyyətinə görə hüquqi-normativ aktlara uyğun məsuliyyətdə ifadə olunur. Ali təhsil müəssisələri professor və dosent vəzifələrinə seçkilərin təşkil edilməsini müvafiq qaydalara uyğun şəkildə müstəqil həyata keçirir.

Ali təhsil müəssisəsinin təsis etdiyi professor və ya dosent vəzifəsi seçkilidir və 5 il müddətinə seçilir. Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin (AzMKÇ) 8-ci səviyyəsi  üzrə kvalifikasiyanı tamamlamış və elmi dərəcə almış şəxslərin ali təhsil müəssisəsinin dosenti və ya professoru vəzifəsinə seçilmək və ya təyin edilmək hüququ var. Bu proses ali təhsil müəssisəsi tərəfindən təşkil edilir. Professor və ya dosent vəzifəsinə elan edilmiş müsabiqədə yalnız həmin vəzifələrin tutulmasına qoyulan tələblərə cavab verən elmi dərəcəsi olan şəxslər iştirak edə bilərlər.

Mövzuya münasibət bildirən təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlamasında qeyd edib ki, ali təhsil müəssisələrinin muxtariyyət hüququnun verilməsi müsbət bir tendensiyadır. Çünki bir çox hallarda idarəetmədə çevikliyin olmaması mövcud vəziyyətdə bir çox problemlərə gətirib çıxarırdı:

"Əlbəttə ki, nəzərə alsaq ki, bu gün Azərbaycanda 51 ali təhsil müəssisəsi var və onların əksəri dünya reytinqində öndə deyillər. Bunun əsas səbəbləri ali təhsil müəssisələrində idarəetmədə çevikliyin aşağı olması ilə bağlıdır. Çünki hər hansı bir muxtariyyətin olmaması, eyni zamanda çevik qərarların qəbul edilməməsi müəyyən problemlər yaradırdı. Hesab edirəm ki, Azərbaycanda bu məsələlərin həlli üçün, yəni ali təhsil müəssisələrinə muxtariyyətin verilməsi onların həm də publik hüquqi şəxs statusunda olmasına gətirib çıxaracaq". 

K.Əsədov qeyd edib ki, Azərbaycan ali təhsil müəssisələrinin bir neçəsində muxtariyyət hüququ təcrübəsi var, amma tam muxtariyyət yoxdur:

"Azərbaycanda bir neçə universitetlərdə (Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və s.) publik hüquqi şəxs kimi müəyyən muxtariyyəti var.

Amma tam muxtariyyət olmalıdır ki, onlar istər qəbul prosesi, istər beynəlxalq əməkdaşlıqla, istərsə də işə qəbulda müstəqil və çevik qərarlar qəbul edə bilsinlər.

Lakin indiki tendensiyada onlar hər hansı bir layihə və yaxud da bir proqram üzərində işləyən zaman xarici təsirdən asılı olurlar. Yəni Nazirlər Kabinetinin, Maliyyə Nazirliyi və Təhsil Nazirliyindən asılı olurlar, nəticədə çevik layihələr həyata keçirə bilmirlər. Əgər muxtariyyət olarsa, onlar bu tip məsələlərdə rahat addım ata biləcəklər.

Eyni zamanda rahat islahatlar aparacaqlar və dünyaya inteqrasiya edə biləcəklər. Hesab edirəm ki, ali təhsil müəssisələrinə mütləq şəkildə muxtariyyət verilməlidir".