Paşinyan daha iki nazir müavinini işdən uzaqlaşdırdı

Baş nazir bu addımı atmaqla seçkilərdə daha güclü formada iştirak etməyə çalışır

Ermənistanın baş naziri Nikol Paşinyan iki nazir müavinini vəzifədən azad edib. Ölkənin yüksək texnologiyalar nazirinin birinci müavini Qor Melikyan işdən çıxarılıb. Digər fərmanla ərazi idarəetməsi və infrastruktur nazirinin müavini Karen İsaxanyan vəzifədən azad edilib.

Qeyd edək ki, aprelin son ongünlüyündə Nikol Paşinyanın baş nazir vəzifəsindən istefa verəcəyi gözlənilir.

Mövzuya münasibət bildirən politoloq Əhəd Məmmədli "Şərq"ə açıqlamasında bildirib ki, baş nazir Nikol Paşinyan bu addımı atmaqla seçkilərdə daha güclü formada iştirak etməyə çalışır. Politoloq qeyd edib ki, baş nazir özünə daha sağlam komanda yığmağa çalışır:

"Bildiyimiz kimi, Nikol Paşinyan seçkilərə hazırlaşır. Yaxın günlərdə onun istefası gözlənilir. Hesab edirəm ki, o, cəmiyyətdə qeyri-populyar məmurları işdən çıxarır. Bunlar onun etibar etmədiyi adamlar da ola bilər. O, komandasına dəyişiklik və yenilik etməklə, seçkilərdə daha sağlam komanda ilə güclü şəkildə iştirak etmək niyyətindədir".