Ermənilər süni maneələr yaratmasa qayıdış erkən olacaq

3 il ərzində bütün əsas infrastruktur layihələri - dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı layihələri başa çatdırılacaq


“Qarabağda hazırda intensiv şəkildə aparılan infrastruktur işləri qarşıdan gələn 3 il ərzində tamamlanacaq”. Bu barədə millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib. Deputat vurğulayıb ki, Böyük Qayıdışın nə zaman reallaşacağı torpaqlarımız işğaldan azad olunandan sonra daha çox səslənən suallardandır:

“Prezident İlham Əliyev bildirib ki, növbəti 3 il ərzində bütün əsas infrastruktur layihələri - dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı layihələri başa çatdırılacaq və tikinti işlərinin fəal fazasında olacağıq. İşğaldan azad olunan bütün torpaqlarımız bu müddətdə beynəlxalq standartlara uyğun infrastruktur, o cümlədən əsas kommunal xidmətlər şəbəkəsi ilə təmin olunacaq. Eyni zamanda, qurulacaq bütün şəhər və kəndlərin bərpası üçün zəruri master-planlar hazırlanacaq. Artıq bu istiqamətdə də real addımlar atılmağa başlanılıb. Gözlənilir ki, həmin müddətdə Zəngəzur dəhlizi də istifadəyə hazır olacaq”. 

V.Bayramovun sözlərinə görə, Azərbaycan öz daxilindəki bütün nəqliyyat və logistik infrastrukturu qısa zamanda tamamlayacaq:

“Prezidentin qeyd etdiyi kimi, Ermənistan tərəfindən süni maneələr yaradılmadığı təqdirdə Mehri bölgəsindən keçən 40 kilometrlik yolun inşası da bundan çox vaxt apara bilməz. Beləliklə, 4 mərhələli Qayıdış Planının ilkin mərhələləri üçün yol-xəritəsinin detalları bəllidir. Bundan sonra isə məhz keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması reallaşacaq”.