"İnformatika müəlliminin hazırlanması üçün kimyanın tədrisi kifayət deyil"

 “Azərbaycanın rəqəmsal dünyasının ən absurd qərarlarından biri: “İnformatika müəllimliyi” ixtisasını seçənlərin informatikadan deyil, kimyadan qəbul imtahanı vermələridir”. Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
 “Dəfələrlə bu məsələ DİM və Təhsil Nəzirliyi qarşısında qaldırılıb. Uzun-uzadı müzakirələr aparılıb. Belə görünür ki, bu il də İKT  yönümlü ixtisası, o cümlədən informatika müəllimliyini, proqramlaşdırma ixtisaslarını seçənlər informatika  əvəzinə, kimyadan qəbul imtahanı verəcəklər. Deməli, hələ də DİM və TN bununla bağlı daxili problemlərini həll edə bilməyiblər”- deyə, o, bildirib. 

 Təhsil eksperti Nabatəli Qulamoğlu “Şərq”ə açıqlamasında O.Gündüzün sözügedən fikirlərinə münasibət bildirdi:

“Doğrudur, fənlər arasında daxili əlaqə, qruplaşma var. Lakin mən son vaxtlar kimya fənninin irəli çəkilməsini başa düşə bilmirəm. Fikrimcə, bu, DİM-dən qaynaqlanır. Bəlkə də, yanılıram. Bu mənim intuitiv fikrimdir. Bildiyimə görə, M. Abbaszadə kimyaçıdır. Ola bilər ki, həmin fənnin  irəli çəkilməsi bununla bağlıdır. Hərçənd kimya ölkəmizdə o qədər də inkişaf etməyib və informatika müəlliminin hazırlanması üçün bu fənnin tədrisi kifayət deyil. Odur ki, yanaşma səhvdir”. 
Qeyd. N. Qulamoğlu indicə redaksiyamıza zəng edərək bildirdi:
“Dəqiqləşdirmə apardıqdan sonra məlum olub ki,  Məleykə xanım kimyaçı yox, riyaziyyatçıdır”. Müəllif ehtimalının doğru olmadığını çatdırmağı redaksiyadan xahiş etdi.