Bakıətrafı qəsəbələr gözəlliyə qovuşur

Bütün nəzərlər Qarabağa yönəlsə də kəndlər diqqətdən kənarda deyil


Ötən əsrdə bəlkə də kimsə düşünə bilməzdi ki, gün gələcək Balaxanı, Bibiheybət, Suraxanı, Qala... paytaxtın yaraşıqlı, yaşıllıqlara bürünmüş, təmiz, görkəmli qəsəbələrinə çevriləcək. Arzular olur, bəli. İstəyirik, arzu edirik ki, şəhərlərimiz, qəsəbələrimiz inkişaf etsin, gözəlləşsin, abadlaşsın, müasir tipli yaşayış məskənləri olsun.

Amma bunun nə zaman baş verəcəyini təxmin edə bilmirik. Son illərdə isə Azərbaycan xalqı ölkəmizin ümumi inkişafı fonunda şəhər və qəsəbələrimizin, kəndlərimizin abadlaşmasına, mövcud sosial-iqtisadi inkişafın bölgələrdə olduğu kimi, paytaxtətrafı qəsəbələri də əhatə etdiyinə şahiddir.      

Balaxanı, Bibiheybət, Suraxanı deyiləndə fikrə gələn neft buruqları, mazutla çirklənmiş ərazilər olurdu. İndiki mənzərə isə abad və müasir qəsəbələrdən xəbər verir. Əlbəttə ki, bütün bunlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi, dövlət və vətəndaş maraqlarına xidmət edən məqsədyönlü və ardıcıl siyasətin nəticəsidir.

Bakıətrafı qəsəbələrin abadlaşdırılması istiqamətində nəhəng layihələr icra olunur. Bu layihələrin həyata keçirilməsində ölkənin birinci xanımı, vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsləri əvəzsizdir. Mehriban xanım Əliyevanın Bakı kəndlərinə, paytaxtətrafı qəsəbələrə xüsusi münasibəti, təbii ki, milli adət-ənənələrə bağlılıqdan, Azərbaycan tarixinin, maddi-mənəvi sərvətlərimizi, milli memarlıq nümunələrimizi qorumaq istəyindən irəli gəlir. Ona görə də hər hansı formada abadlıq, yenidənqurma işləri aparılsa da Azərbaycan vətəndaşı milli xüsusiyyətlərin qorunduğunu görür. Balaxanıda, Bibiheybətdə, Qala kəndində... olduğu kimi. Azərbaycan dövlət siyasətinin əsas sütununu əhalinin rifah halının yaxşılaşdırılması, sosial vəziyyətin yüksəldilməsi təşkil etdiyi üçün həyata keçirilən hər bir layihənin həm də sosial yönümlü olmasına diqqət edilir. Bu layihə vətəndaşa nə verəcək? Vətəndaş hansı üstünlüklər əldə edəcək? Əsas məqsəd yeni iş yerlərinin yaranmasına səbəb olmaq, əhalinin gəlirlərinin artırılması və nəticə etibarilə vətəndaşların daha rahat həyat şəraiti əldə edə bilməsidir. İcra olunan layihələrdə qarşıya qoyulan məqsəd budur – ictimai maraqların, vətəndaş maraqlarının təmin edilməsi.       

“Bakının bütün qəsəbələri abadlaşmalıdır”

Prezident İlham Əliyev hələ “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakı zamanı demişdi ki, vaxtilə ekoloji fəlakət zonaları olan Abşeron yarımadası, Bibiheybət, Balaxanı, “Qara şəhər” artıq abadlaşır, gözəl qəsəbələrə çevrilir:

“...Bizim neftlə ən çox çirklənmiş ərazimiz Bibiheybət buxtası idi. İndi Bibiheybət buxtası gözəl parklar, istirahət zonalarına çevrilib. Bibiheybət qəsəbəsi indi faktiki olaraq yenidən qurulub. Yəni Bibiheybət buxtası ekoloji fəlakət zonası idi və o görüntülər yəqin ki, bir çoxlarının xatirindədir. Digər ekoloji fəlakət zonası Balaxanı və onun neft mədənləri idi. İndi baxın, Balaxanı gözəl bir qəsəbəyə çevrilibdir və orada işlər artıq tamamlanmaq üzrədir. Mən özüm gedib baş çəkəcəyəm və baxıb görəcəyəm ki, mənim göstərişlərim necə yerinə yetirilir. Təkcə Balaxanı yox, bütün qəsəbələr. Mən demişəm, Bakının bütün qəsəbələri abadlaşdırılmalıdır, orada insanlar üçün daha yaxşı şərait yaradılmalıdır, insanları narahat edən bütün problemlər həll olunmalıdır və bu qəsəbələr estetik cəhətdən müasir səviyyəyə uyğun olmalıdır. Qəsəbələrdə bütün tarixi abidələr bərpa edilməlidir və biz bu qəsəbələrə yeni həyat verəcəyik”. Prezident vurğulamışdı ki, ekoloji layihələr hələ ki, bitməyib, hələ görüləsi işlər çoxdur. Abşeron yarımadasında neft gölməçələrinin təmizlənməsi işi gedir. Prezidentin tapşırığına uyğun olaraq bütün neft mədənlərində təmizləmə işləri aparılır, ağaclar əkilir. Bakıətrafı qəsəbələrdə iqtisadi və enerji layihələri də icra olunur.    

Qəsəbələr fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək

2 gün öncə cənab Prezident “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını etdi. Prezidentə məlumat verildi ki, 45 il əvvəl tikilən “Hövsan” yarımstansiyası müasir səviyyədə yenidən qurulub, buradakı avadanlıqlar yeniləri ilə əvəz olunub. Yarımstansiya “Şimal” Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisinin ötürülmə keyfiyyətinin artırılmasında, “Abşeron”, “Böyükşor”, “Suraxanı”, “Ramana”, “Əhmədli”, “Qala”, “Zığ” yarımstansiyaları ilə əlaqələnməklə Bakı və Abşeron yarımadasının, xüsusən də Suraxanı, Günəşli, Əhmədli ərazilərinin elektrik enerji təchizatında mühüm rol oynayır.
Energetika sektorunun müasir tələblər səviyyəsində inkişafı, vətəndaşların enerji resurslarına əlçatanlığının və məmnunluğunun təmin olunması Prezident İlham Əliyevin sosial-iqtisadi siyasət kursunun prioritet hədəfləri sırasındadır. Postkonflikt dövründə isə işğaldan azad edilən ərazilərdə gedən bərpa-quruculuq işləri dövlətimizin başçısının xüsusi diqqətindədir.

Qeyd edək ki, son 3 ilə qədər Bakı və Abşeron yarımadasında sistem əhəmiyyətli 220 kilovoltluq 5 yarımstansiya fəaliyyət göstərirdi ki, onların da 4-ü istismar müddətini başa vurub. Son iki ildə isə yeni “Böyükşor” yarımstansiya tikilib və beləliklə, 220 kilovoltluq yarımstansiyaların sayı 6-ya çatdırılıb.

Eyni zamanda, istismar müddətini bitirən sistem əhəmiyyətli 220 kilovoltluq dörd yarımstansiyanın üçü - “Müşfiq”, “Xırdalan” və “Hövsan” yarımstansiyaları yenidən qurulub, “Nizami” yarımstansiyasında isə işlər yaxın vaxtlarda başa çatdırılacaq. Dövlət başçısına yenidən qurulan 110/35/6 kilovoltluq “Maştağa” yarımstansiyası barədə də məlumat verilib və bildirildi ki, 1949-cu ildə tikilən yarımstansiyanın istismar müddəti bitdiyi üçün potensial qəza mənbəyinə çevrilmişdi. Qısa zamanda görülən işlər sayəsində yarımstansiyanın əvvəlki gücü geri qaytarılıb, tam yenidən qurularaq etibarlılığı və dayanıqlılığı artırılıb, istehlakçıların fasiləsiz və keyfiyyətli enerji təchizatına zəmin yaradılıb. Yenidən qurulan “Maştağa” yarımstansiyası Maştağa, Buzovna, Bilgəh, Nardaran qəsəbələrini, Savalan, “Albalılıq” yaşayış massivlərini, dənizkənarı sanatoriya, xəstəxana, otellər və digər obyektlər də daxil olmaqla Sabunçu və Xəzər rayonlarının 150 min nəfərə çatan əhalisinin elektrik enerjisi ilə etibarlı təminatına imkan verəcək. Prezident İlham Əliyev məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sistemi vasitəsilə “Maştağa” yarımstansiyasını da işə saldı. Deməli, bundan sonra Bakıətrafı qəsəbələrin daha keyfiyyətli və fasiləsiz, təhlükəsiz şəraitdə elektrik enerjisi ilə təmini həyata keçiriləcək. 

“Hər bir yenilik vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə xidmət edir” 

Bakıətrafı qəsəbələrdə aparılan quruculuq işləri ilə bağlı fikirlərini “Şərq”ə bildirən, millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu qeyd etdi ki, 2 gün öncə cənab Prezident Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Məlumdur ki, Prezidentin sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi İli” elan edilib. Azərbaycanın dahi şairinin həyat və yaradıcılığına hörmət rəmzi olaraq Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işləri həyata keçiriləcək, bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılır. Bununla xatırlatmaq istəyirəm ki, yenidənqurma, abadlıq işləri hansısa şəhər və qəsəbə ilə, hansısa regionla məhdudlaşmır. Hamımıza bəllidir ki, hazırda bütün nəzərlər Qarabağımıza yönəlib. Cənab Prezident erməni separatçıları tərəfindən viran qoyulan ərazilərimizin, yurd yerlərimizin tezliklə, qısa bir zamanda dirçəldilməsini əsas vəzifə kimi bütün dövlət strukturlarına tapşırıb. Və özü də şəxsən bu işlərə nəzarət edir. Amma görürük ki, cənab Prezident bununla yanaşı digər vacib işləri də yaddan çıxarmır. Yəni ölkədə sosial-iqtisadi inkişaf bütün sahələrdə planlı şəkildə davam etdirilir.

Eləcə də Bakı və ətraf qəsəbələrdə.       

Azərbaycanın bütün regionlarında olduğu kimi, Bakı və  ətraf qəsəbələrdə də yüksək səviyyəli kommunikasiyaların qurulması və yenilənməsi daima diqqət mərkəzindədir. Regionların inkişafı üçün dövlət proqramı çərçivəsində bu istiqamətdə olduqca mühüm işlər görülüb. Elə Hövsan qəsəbəsində yenidən qurulan "Hövsan" yarımstansiyasının açılışı da bu istiqamətdə atılan növbəti addımlardan biridir.

Nəzərə almaq lazımdır ki, bu yarımstansiyanın fəaliyyəti və təchizat imkanları təkcə Hövsan qəsəbəsi ərazisi ilə məhdudlaşmır. Yarımstansiya “Şimal” Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisinin ötürülmə keyfiyyətinin artırılmasında, “Abşeron”, “Böyükşor”, “Suraxanı”, “Ramana”, “Əhmədli”, “Qala”, “Zığ” yarımstansiyaları ilə əlaqələnməklə Bakı və Abşeron yarımadasının, xüsusən də Suraxanı, Günəşli, Əhmədli ərazilərinin elektrik enerji təchizatında mühüm rol oynayır.

Ona görə də bu yarımstansiyanın yenidən qurulması sadalanan bütün ərazilərdə elektrik enerjisi ilə təchizatda ciddi dəyişikliklərə səbəb olacaq. Bu da əhalinin daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunması deməkdir. Təsəvvür edin ki, Hövsan yarımstansiyası 45 il əvvəl istismara verilib. Amma indiyədək onun əsaslı təmiri və yenidən qurulması həyata keçirilməyib.

Bənzər yenidənqurma işləri “Maştağa” yarımstansiyasında da həyata keçirilib. Bütün bunlar isə yarımada sakinlərinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasında mühüm yeniliklərdir. Görülən işlər, həyata keçirilən layihələr insanların həyat səviyyəsinin yüksəlməsinə xidmət edir.