Operativ Qərargah situasiyaya uyğun qərar verir

"Mən də sizinlə razıyam ki, şənbə-bazar günləri, bayram günləri ictimai nəqliyyatın olmaması gediş-gəlişə çətinlik yaradan addımdır"

"Sizə xoş bir xəbər verim..."

Musa Quliyev: "Yaxın 2-3 həftəyə koronavirusla bağlı vəziyyət dəyişəcək"

"Çünki vaksinasiya prosesində irəliləyiş var, vaksin olunanların sayı artmaqdadı"


May ayında qeyri-iş günlərinin sayının 7-yə “yüksəlməsi” əhalinin qanını qaraldıb. Qəribə səslənir, eləmi? “Korona”sız vaxtlarda istirahət, bayram günlərinin sayının çox olması sadə azərbaycanlını sevindirirdi; nə yaxşı! Dincələrəm, istirahət edərəm. Qonaq gedərəm… Deyəsən, camaatın yarasının qaysağını qopardıq. Hanı o bəxtəvər günlər?! İstirahət mümkündü, amma evdə. Qonaq getmək fikrinəsə, heç düşməsək yaxşıdı. Səbəblər məlum. Amma bayram və istirahət günlərinin sayının çoxluğundan narahatlıq, hətta hiddət yaradan başqa səbəb də var.

Həmin günlər ictimai nəqliyyatın işləməməsi. Nazirlər Kabinetinin Qərarına baxaq: “Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. Nazirlər Kabinetindən verilən məlumata görə, bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq”. Bura qədər normaldı. Ardı isə fəlakət: “Nazirlər Kabinetinin digər Qərarına əsasən 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq”. İndi bildinizmi, niyə camaatın qanı qaralıb? Həmin 7 gündə xadimə, çörək bişirən, satıcı, gözətçi, mühafizəçi, günəmuzd fəhlə, ictimai sektorun hər hansı bir sahəsində çalışan işçi nəqliyyatsız necə hərəkət edəcək? Taksi xidmətinin yetərsiz olduğu pandemiya başlanandan bəllidir. Nəinki ictimai nəqliyyatın qapalı qaldığı şənbə-bazar günləri, həftəarası günlərdə də taksi sifarişi xeyli çətinləşib. Taksi xidməti şirkətləri sifarişləri yerinə yetirə bilmir. Sadəcə, taksi çatmır! Həm də axı günəmuzd işləyən fəhlə, xadimə hər dəfə taksi xidmətindən istifadə etmək iqtidarında deyil, maddi durumu baxımından. Hər işçinin “çörək təknəsi” də evinin yaxınlığında deyil ki, canına cəfa verib, piyada hərəkət etsin. 350-400 manat aylıq məvacib alan vətəndaşın maaşının böyük bir qismini yol xərcinə sərf etməsi, o ailəni hansı duruma salır, qərar qəbul edənlər bunu nəzərə almır, yəqin. Şənbə-bazarı birtəhər, “ölüm-qalım” yola verənlər üçün ictimai nəqliyyatsız daha 5 gün əsl cəfadır.

Qərarlara dəyişiklik edilərkən sosial sifarişlər, təkliflərin nəzərə alınması da gərəkməzmi? 

Problemlə bağlı müraciət etdiyimiz millət vəkili Musa Quliyev Operativ Qərargahın sosial sifarişləri nəzərə aldığını dedi, lakin: 

- Niyə nəzərə almırlar, nəzərə alırlar. Amma qərar qəbul etmək asan deyil. Biz də millət vəkili kimi təkliflər göndəririk, bəzisi qəbul edilmir. Sizin, bizim gördüklərimizi Operativ Qərargah da görür. OQ bütün situasiyanı görür və ona uyğun qərarlar verir. Mən də sizinlə razıyam ki, şənbə-bazar günləri, bayram günləri ictimai nəqliyyatın olmaması gediş-gəlişə çətinlik yaradan addımdır.

Amma biz daha az zərəri olanı götürməliyik. İctimai nəqliyyatın qapadılmasında məqsəd budur ki, insanlar istirahət və bazar günləri evdə daha çox qalsınlar, ictimai yerlərə getməsinlər, təmaslar azalsın. Çünki yoluxma təhlükəsi ictimai yerlərdə sıxlıq olduqda, insanlar arasında sıx ünsiyyət, təmas yarandıqda artır. Hazırda pandemiyanın kəskin 3-cü dalğasıdır.

Qəbul olunan qərarlar yoluxma riskinin azaldılmasına yönəlir. Sizə xoş bir xəbər də verim ki, yaxın 2-3 həftəyə situasiya dəyişəcək. Çünki vaksinasiya prosesində irəliləyiş var, vaksin olunanların sayı artmaqdadı. Çətinlikləri biz də görürük, Operativ Qərargah da görür. Nə edək ki, o çətinlikləri biz yaratmamışıq. İstirahət günləri işləyənlərə gəlincə, onların gediş-gəlişini çalışdığı müəssisə, şirkət rəhbərliyi təşkil edə bilər. İşçilər üçün mikroavtobus kirayələyə bilər, ya da taksi xidmətinin haqqını ödəyə bilər.

Bu şəraitdə sahibkar işçisinə dəstək olmağı düşünməlidir. Hər bir sahibkarın sosial missiyası da var.