ABŞ polisindən skandal: qaradərili yeniyetməni öldürdülər

ABŞ polisinin irqçi yanaşmaları 2020-ci ilin mayında Corc Floydun öldürülməsindən sonra dünya ictimaiyyətinin gündəmindədir. Bu tarixdən bəri xüsusilə qaradərililərə qarşı ayrı-seçkilik və təcavüzkar davranışları ortaya çıxan ABŞ polisi növbəti qətl törədib.
"Sherg.az" "Haberler.com"a istinadən bildirir ki, polis Ohio əyalətində 16 yaşlı qaradərili amerikalı Makiyah Bryantı öldürüb.
Əyalətdə böyük mübahisə olduğuna dair məlumat alan polis qrupu bıçaqlı hücum olduğu hadisə yerinə gedib. Mübahisənin baş verdiyi məkana çatan polislər hadisə yerindəki 16 yaşlı yeniyetməyə 4 dəfə atəş açıb.
Şahidlərin ifadəsinə görə, polisə hücuma cəhd etməyən Bryant vurulduğu zaman ağır yaralanıb. Amerika mətbuatına danışan Bryantın xalası polisin birbaşa xəbərdarlıq etmədən atəş etdiyini söyləyib.
Yaşanan cinayət ictimai mediada böyük təpkiyə səbəb olub. Vətəndaşlar küçələrə tökülərək etirazlara başlayıb.