Daha bir marşrut xətti “BakıKart”a keçir


Aprelin 23-dən Bakıda 119 nömrəli marşrut xətti ( “Memar Əcəmi” metrostansiyası – Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. Bununla da, gün ərzində orta hesabla 20 min nəfərdən artıq sərnişinin rahat daşınması təmin olunacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda həmçinin deyilir ki, nağdsız ödəniş dövriyyənin şəffaflaşdırılması, vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından faydalıdır. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir.

Bütün digər xidmət sahələrində olduğu kimi sərnişindaşımalarda da nağdsız hesablaşmaların tətbiqi prioritet məsələlərdəndir. Dövlət başçısının tapşırığına uyğun olaraq son beş ildə bu istiqamətdə mühüm addımlar atılıb. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 53 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 600 min nəfərə yaxın sərnişin (ümumi sərnişinlərin 33 %-i) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.