Kremlin əsas strategiyası:"NeoSSRİ" yaradır? - Avrasiya İttifaqını yeni dizaynda

“Rusiya Azərbaycanı öz orbitində olan təşkilatlara üzv  etməklə ittifaq daxilində yeni bir mərhələyə keçməyə çalışır”

“Rəsmi Bakı isə Tükiyənin başlatdığı "Türksoylu dövlətlətlərlə"  əməkdaşlıqda yer almaqla öz təhlükəsizliyini daha da möhkəmləndirəcək”


“Rusiyaya qarşı sanksiyalar və siyasi təzyiqlər artdıqca Moskva MDB məkanında öz siyasi nüfuzunu möhkəmləndirməyə və  Avrasiya İttifaqına yeni üzvlərin cəlb edilməsinə çalışır. Artıq Kreml dəyişən regional şərtlər fonunda Avrasiya İttifaqını yeni dizaynda tərtib etmək üçün yeni bir siyasi plana malikdir. Bunu Avrasiya İttifaqı üzv dövlətlərinin bu ayın sonunda Kazanda keçiriləcək toplantısında elan edəcək. Gömrük İttifaqının (Avrasiya İttifaqının) bu toplantısına Azərbaycanın müşahidəçi kimi qatılması gözlənilir”- Bu sözləri MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. 



Bu barədə daha ətraflı “Sherg.az”a danışan ekspertin fikrincə, Moskva Qərb qarşısında təklənib: 

“Ukrayna böhranı ilə əlaqədar olaraq ABŞ və Qərbin Moskvaya qarşı hücum diplomatiyası, həmçinin üzərinə getməsi bunun müqabilində Rusiyanın bu məsələlərdə bir müttəfiqinin olmaması Kremlin ötən illər ərzində apardığı siyasətin iflasıdır. Çünki qonşularına qarşı aqressiv və təzyiq siyasəti Kremllə məsafəli davranmalarına gətirib çıxarıb.  Prezident Vladimir Putin  Avrasiya İttifaqının inkişafı və üzv ölkələrə qarşı yeni bir siyasi baxış formalaşdırmaq üçün bir mexanizm həyata keçirəcək. Təbii ki, bu üzv ölkələrə qarşı təzyiq mexanizmi kimi reallaşmasına rəğmən, müəyyən dərəcədə əlverişli iqtisadi şərtləri də özündə ehtiva edəcək. Belə bir planın  səmərə verməsi gözlənilmir. Çünki əsas siyasi strategiya "neoSSRİ" yaratmaqdır. Donbasda Qərb Rusiyanın qarşısından çəkiləcəksə, Rusiyanın aktiv şəkildə MDB məkanına nüfuz edəcəyi mümkündür. Ümumiyyətlə, Kreml rəhbərliyinin yumşaq və əməkdaşlıq gücündən deyil, təzyiq və şantajdan istifadə etməsi, qarşılıqlı əməkdaşlıq deyil, asılılıq siyasətinə üstünlük verməsi bu gün Rusiyanın Qərbin qarşında tək qalmasına gətirib çıxarıb”. 

 M.Əsədullazadə şimal qonşumuzun planlarından da danışdı:

“Azərbaycan Avrasiya İttifaqının üzvü deyil. Rusiya çalışır ki, Azərbaycanı bu təşkilata üzv etsin. Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında problemin aradan qalxması Moskvanı hərəkətə gətirib. Rusiya Azərbaycanı öz orbitində olan təşkilatlara üzv  etməklə ittifaq daxilində yeni bir mərhələyə keçməyə çalışır. Azərbaycanın bu birliyə daxil olması gözlənilmir. Azərbaycanın Türkiyə ilə birgə fəaliyyəti, Mərkəzi Asiya ölkələri ilə başladılan əməkdaşlıq formatı Avrasiya İttifaqının cəlbediciliyinin üstündən xətt çəkir.

Məhz Belarus prezidenti Aleksandr Lukaşenkonun Bakıya səfərində əsas müzakirə predmeti Azərbaycanın Aİ üzvlüyünə cəlb edilməsi üçün Moskvanın istəklərini müzakirə etmək olub. Azərbaycan Tükiyənin başlatdığı "Türksoylu dövlətlətlərlə"  əməkdaşlıqda yer almaqla öz təhlükəsizliyini daha da möhkəmləndirəcək. Rusiyanın şantaj və təzyiqlərinə baxmayaraq, Ankara- Bakı birgə platforması, Mərkəzi Asiyanı əhatə etməklə, yeni bir regional nizam formalaşdıracaq. Ona görə də Azərbaycanın Putinin layihələrində yer alması maraqlarımıza ziddir, təhlükəsizliyimizə təhdiddir.

Azərbaycanın Türkiyə ilə birgə ortaq fəaliyyəti, Qərbin Rusiyaya təzyiqləri Avrasiya İttifaqının genişləndirilməsinin qarşısını ala bilər”.