“Hərbi parad"a reaksiya: “Azərbaycan və Türkiyə hərbçiləri də qatılsın”

Tofiq Zülfüqarov:“Sülhməramlılar hərbi parad keçirmək istəyirlərsə, onda Azərbaycan Silahlı Qüvvələri də həmin tədbirdə təmsil olunmalıdır”

Ədalət Verdiyev:“Rusiya paradı tək başına keçirmək istəyirsə, onda məkan olaraq Gümrüdəki hərbi bazanı seçsin”


Xankəndi aeroportunda Rusiya hərbçilərinin Qələbə Günü paradına hazırlıq məşqləri başlanıb. Bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, Dağlıq Qarabağa yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti 2-ci Dünya Müharibəsində keçmiş Sovet İttifaqının qələbəsi münasibətilə təntənəli keçidin məşqlərinə başlayıb. Xankəndi şəhərindəki aeroportda təlimlərə 400-dək Rusiya hərbçisi cəlb olunub.

Təlimlərə 15-ci motoatıcı briqadanın, humanitar reaksiya mərkəzinin şəxsi heyətlərinin, hərbi polisin, xüsusi təyinatlı tibbi bölümün, eləcə də maddi-texniki təchizat bölümlərinin cəlb olunduğu bildirilir.Bu il mayın 9-na planlaşdırılan paradda hər biri 45 hərbçidən ibarət 10 dəstənin keçəcəyi gözlənir.

 Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Sherg.az”a açıqlamasında sözügedən məsələyə belə münasibət bildirdi: 

“Sülhməramlılar hərbi parad keçirmək istəyirlərsə, onda Azərbaycan Silahlı Qüvvələri də həmin tədbirdə təmsil olunmalıdır. Azərbaycan ordusunun xüsusi təyinatlıları və Türkiyə hərbçiləri mütləq keçiddə iştirak etməlidirlər”.

Hərbi ekspert Ədalət Verdiyev da sabiq nazirlə eyni fikirdədir: 

“Əvvəla, bu, Azərbaycanla razılaşdırılmalıdır. İkinci bir tərəfdən isə orada Azərbaycan hərbçiləri ilə yanaşı, İkinci dünya müharibəsində, Qarabağ savaşında iştirak etmiş qazi və veteranlar, qəhrəmanların əzizləri iştirak etməlidirlər. Məsələn, general Həzi Aslanovun ailəsindən kiminsə o tədbirdə olması məqsədəuyğundur. Dediyim kimi, rəsmi Bakının iştirakı və razılığı olmadan, üstəgəl, üçtərəfli bəyanatın tələblərinə zidd şəkildə belə bir tədbirin keçirilməsi yolverilməzdir. Rusiya paradı tək başına keçirmək istəyirsə, onda məkan olaraq Gümrüdəki hərbi bazanı seçsin”.

Ə.Verdiyev, həmçinin digər qaranlıq məqamlara da aydınlıq gətirdi: 

“Bu tədbir erməni terrorçular Qarabağdan tam çıxarıldıqdan sonra keçirilməli idi. Onu da deyim ki, “parad” adlandırılsa da, əslində hərbi keçidin təşkili nəzərdə tutulur. Çünki parad elementləri yoxdur”.