Pandemiya ünvanlara xidmət sahəsini genişləndirdi

Çatdırılma şirkətləri arasında ciddi rəqabət hökm sürür


Koronavirus (COVID-19) pandemiyası şəraitində müəyyən xidmət sahələrinə, o cümlədən çatdırılma (kuryer) xidmətlərinə tələbat artdığından, bu sahədə yeni bazar subyektləri fəaliyyətə başlayıb və rəqabət daha da artıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, qurum artan tələbatı nəzərə alaraq çatdırılma (kuryer) xidmətləri bazarında sağlam rəqabət şəraitinin qorunması üçün həmin sahəyə nəzarəti daha da artırıb.

Araşdırmalar zamanı çatdırılma xidmətləri bazarında rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına təsir göstərməklə haqsız rəqabətə yol verilməsi əlamətləri müəyyən edilib. Bununla əlaqədar Dövlət Xidməti “Wolt Azerbaijan” MMC haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb. 



Mövzu ilə bağlı "Şərq"ə açıqlamasında “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, Azərbaycanda bir neçə sahə var ki, həqiqətən orada ciddi rəqabət hökm sürür. Bunlardan biri də çatdırılma şirkətlərinin fəaliyyət göstərdiyi sahədir. O qeyd edib ki, son zamanlar ölkəmizdə çatdırılma şirkətlərinin sayında xeyli artım var:

"Hazırda "Covid-19" səbəbindən bu tip xidmətlərə tələbat artıb. Bizim bazarda "Wolt", "BoltFood", "Glovo", "Fonibo", "Tuk-Tuk", "Hungry", "189Delivery", "Zənbil" və s. çatdırılma şirkətləri fəaliyyət göstərir. İstifadəçilər bu şirkətlərin müxtəlif tətbiqlərindən istifadə etməklə market və restoranlardan müxtəlif məhsullar seçərək onları ünvanlarına çatdırırlar".

O.Gündüz vurğulayıb ki, "Wolt", "BoltFood", "Glovo" kimi beynəlxalq şirkətlərin yerli kuryer bazarına daxil olması daxili rəqabəti xeyli gücləndirib: "Ölkəmizin yemək bazarında çalışan beynəlxalq brendlərin ("McDonalds" və s.) çatdırılma ilə bağlı yerli deyil, beynəlxalq şirkətlərə üstünlük verir.

Separat sövdələşmələr, daha üstün biznes şəraitinin yaradılması da yerli çatdırılma şirkətlərinin bazara daxil olmasını xeyli çətinləşdirir. Buna baxmayaraq, son zamanlar bu bazara milli çatdırılma şirkətimiz olan "Fonibo" da daxil ola bilib.

Qısa zamanda innovasiyalar və effektiv həllər tətbiq etməklə genişlənə bilib və xeyli xarici investisiyalar da əldə edib. Bu gün isə Antiinhisar Dövlət Xidməti aparılan araşdırma ilə "Wolt" şirkətinin bazarda əsassız üstünlük qazanmaq məqsədilə haqsız rəqabətə yol verdiyini açıqlayıb. Onun haqqında antiinhisar qanunvericiliyinin pozulması üzrə iş başlanıb.

Qurumun hansı pozuntulara yol verdiyi isə hələlik açıqlanmayıb. Güman etmək olar ki, yemək bazarında olan qlobal brendlərin "Wolt"la mümkün separat sövdələşmələrlə haqsız rəqabətə yol verməsi də antiinhisarın araşdırmalarına səbəb olub".