Gürcüstan uğurlu bir addım atdı

Tbilisi Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyat fakültəsi yaradılacaq

Zəlimxan Məmmədli gələcəkdə Azərbaycan-Gürcüstan ortaq dövlət universitetlərinin də olmasını çox istəyir


Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ilə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin (TDU) rektoru Giorgi Şarvaşidze arasında görüş keçirilib. Görüşdə G.Şarvaşidze Gürcüstanın tarixi əhəmiyyətə malik təhsil ocağında Azərbaycan səfirini görməkdən məmnunluq duyduğunu, strateji tərəfdaş olan ölkələr arasındakı əməkdaşlıq əlaqələrinin bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də yüksələn templə davam etdiyini bildirib. Görüşdə həmçinin Bakı Dövlət Universiteti (BDU) ilə TDU arasında əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində işlərin davam etdirilməsi barədə fikir mübadiləsi aparılıb. Rektor 2019-cu ilin noyabr ayının 26-da BDU-nun 100 illiyi ilə bağlı tədbirdə iştirak etmək üçün ölkəmizdə olduğunu, Azərbaycanın inkişaf tempindən fərəhləndiyini, TDU-nun Azərbaycan universitetləri ilə əməkdaşlığa hazır olduğunu bildirib. Görüşdə TDU-nun nəzdində Azərbaycan dili və ədəbiyyatı fakültəsinin yaradılması və bunun Gürcüstanın azərbaycandilli məktəblərində kadr çatışmazlığı probleminin aradan qaldırılacağına dair müzakirələr aparılıb.

Səfir TDU rektoruna ölkəmizlə əlaqələrə verdiyi böyük önəm və dəstəyə görə təşəkkür edərək, ali məktəb ilə səfirlik arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyini vurğulayıb. Daha sonra F.Quliyev TDU-da yerləşən Heydər Əliyev Mərkəzində aparılan yenidənqurma və bərpa işləri ilə tanış olub. Universitet rəhbərliyi Mərkəzdəki təmir-bərpa işlərinin növbəti tədris ilinin başlanmasına qədər yekunlaşacağını bildirib.



"Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli "Şərq"ə açıqlamasında TDU-nun nəzdində Azərbaycan dili və ədəbiyyatı fakültəsinin yaradılması təşəbbüsünü müsbət dəyərləndirdiyini ifadə edib. O bildirib ki, belə bir fakültənin yaradılması Azərbaycan tarixinin, coğrafiyasının və ədəbiyyatın öyrənilməsi baxımından çox vacibdir:

"Bildiyimiz kimi, Gürcüstanda azərbaycanlılar say tərkibinə görə ikinci millətdir. Təbii ki, Tbilisi Dövlət Universitetinin nəzdində Azərbaycan dili və ədəbiyyatı fakültəsinin yaradılmasını çox təqdirəlayiq hesab edirəm. Çünki bu, ilk növbədə Azərbaycan dilinə olan ehtiramdan irəli gəlir. Həmçinin, rəsmi səviyyədə orada Azərbaycanla bağlı tarixin, coğrafiyanın, ədəbiyyatın öyrədilməsi mühümdür. Bu baxımdan onu çox təqdir edirəm". 

Z.Məmmədli əlavə edib ki, gələcəkdə Azərbaycan-Gürcüstan ortaq dövlət universitetlərinin də olmasını çox istəyir:

"Biz 2009-cu ildən bu yana kimi Azərbaycan-Gürcüstan ortaq dövlət universitetinin açılması ideyası ilə çıxış etmişik. Hesab edirəm ki, o da reallaşsa, daha möhtəşəm olar. Bununla həm gürcülər Azərbaycanın, eyni zamanda biz də Gürcüstanın dilini, ədəbiyyatını, tarixini öyrənə bilərik. Belə bir universitet öyrənmək üçün münbit  şərait yaradan bir ortaq inteqrasiya universiteti ola bilər".