İyun ayında sərhədlərin açılması gözlənilir

Əhalinin valyutaya olan tələbatının kəskin artmasının şahidi ola bilərik


Bu ilin yanvar-mart aylarında Azərbaycan əhalisi ölkədəki banklardan 626,252 mln. nağd ABŞ dolları alıb. Bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə azalıb. Təkcə martda əhali 133,452 mln. nağd dollar alıb ki, bu da fevral ayı ilə müqayisədə 20,3 faiz azdır və son 3 il 9 ay ərzində qeydə alınan ən aşağı aylıq göstəricidir.

Bundan başqa, cari ilin yanvar-mart aylarında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 330,712 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 3,6 faiz azdır. Təkcə martda banklar əhalidən 120,584 mln. dollar alıblar ki, bu da fevral ayı ilə müqayisədə 15,3 faiz azdır.


Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, valyuta alışındakı kəskin azalmanın əsas səbəbi sərhədlərin bağlı olması ilə əlaqədardır:

"Mərkəzi Bankın ikinci gün keçirdiyi hərracda dollara olan tələbat azalmışdı. Amma bugünki hərracda yenidən artdı. Ortalama təqribən hər hərracda 55-60 milyon dollar valyuta satılır. Buna görə də mən deməzdim ki, dollara tələbat kəskin azalıb. Amma əhalinin alışındakı kəskin azalmanın əsas səbəbi sərhədlərin bağlı olmasıdır. Yəni turist səfərlərinin sıfıra yaxın olması, çox sərhədlərin, əsasən də azərbaycanlıların daha çox səfər etdiyi Gürcüstan sərhədinin bağlı olması valyuta tələbatının azalmasına səbəb olub". 

N.Cəfərli qeyd edib ki, əgər yay aylarında sərhədlər açılsa, o zaman əhalinin valyutaya olan tələbatının kəskin artmasının şahidi ola bilərik:

"Qeyd edim ki,  Türkiyə ilə gediş-gəlişin həddindən artıq aşağı düşməsi və xarici səfərlərin durma nöqtəsində olması valyutaya olan tələbatın azalması səbəbləri arasındadır. Düzdür, iyun ayında sərhədlərin açılması gözlənilir. Hesab edirəm ki, əgər sərhədlər yay aylarında açılacaqsa, bu zaman biz əhalinin valyutaya olan tələbatının kəskin artmasının şahidi ola bilərik. Hələlik, qeyd edim ki, hərraclarda satılan dolların həcmində ciddi dəyişiklik yoxdur.Təqribən dediyim kimi, ortalama il ərzində götürsək, hər həftə iki hərracda 55-60 min dollar vəsait satılır. Hətta yanvar, fevral aylarında bu vəsait və satış həcmi daha çox idi. İndi o aylara nisbətən bir az müəyyən dərəcədə sabitlik yaranıb".