Turizm sahəsini canlandırmağa ehtiyac var

Ölkəyə səfərlərlə bağlı sərt qaydalar dəyişdirilməlidir

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu ilin birinci rübündə də ölkəmizə gələn turistlərin sayında azalma davam edib. Belə ki, həmin müddətdə Azərbaycan 117,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə xarici vətəndaş gəlib. Səfər edənlərin çoxu əsasən qeyri-turizm məqsədilə ölkəmizə gəliblər.                                          
Rəsmi statistikaya görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında Gürcüstandan gələnlərin sayı 11,9 dəfə, Türkmənistandan - 8,9 dəfə, Qazaxıstandan - 7,7 dəfə, Özbəkistandan - 5,2 dəfə, Rusiya Federasiyasından - 4,1 dəfə, Ukraynadan - 3,7 dəfə, Böyük Britaniyadan - 3,6 dəfə, Belarusdan - 2,1 dəfə, Türkiyədən - 1,9 dəfə, İrandan - 1,6 dəfə azalıb.

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bu barədə "Şərq"ə açıqlama verib. Onun sözlərinə görə, COVİD-19 pandemiyasının aktiv olduğu dövrdə ölkəmizə gələn turistlərin sayının azalması gözlənilən idi:

“Bununla belə, yeni turizm mövsümünün başlanmasına az zaman qaldığını nəzərə alsaq, ölkəyə səfərlərlə bağlı sərt qaydaların dəyişdirilməsinə ehtiyac var. Belə ki, əgər icazə verilən meyarlara uyğun gəlməyən əcnəbinin müddətli koronavirus (COVID-19) neqativ PSR-testi nəticəsi varsa da belə ölkəmizə daxil ola bilməz. Halbuki, test nəticələri neqativ olan əcnəbilərin potensial virus yayıcısı riski ciddi şəkildə aşağıdır. Buna görə də, bu şəxslərin səfərləri epidemioloji baxımdan hər hansı ciddi təhlükə yaratmır”.

V.Bayramov xatırladıb ki, mövcud qaydalara əsasən, ölkəyə yalnız bizdə akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər.