Ciddi islahatlara başlanmalıdır

Ekspert naziri haqlı çıxartdı

Yalnız kompüterlə təhsilin problemlərini həll etmək mümkün deyil


Ötən gün Təhsil naziri Emin Əmrullayev Təhsil İdarəçiliyi Beynəlxalq konfransında iştirak edib. Konfransda çıxış edən təhsil naziri bildirib ki, 1 milyon 600 min kompüterin alınması Azərbaycan təhsilinin problemlərini həll etməyəcək. Nazir bildirib ki, pandemiya dövründə ən çox müzakirə olunan məsələlərdən biri şagirdlərin kompüterlərlə təchizatı məsələsidir: "Başa düşürəm ki, kompüter olduqca vacibdir və rəqəmsallaşma Azərbaycan təhsilinin ən vacib prioritetlərindən biridir. Eyni zamanda, şagirdlərin, müəllimlərin daha çox rəqəmsal alətlərdən istifadəsi imtahanların rəqəmsallaşması, kompüter əsaslı imtahanların keçirilməsi və s. Təhsil Nazirliyinə və digər təhsil idarəedicilərinə daha çox məlumat ötürməyə, məlumatları düzgün toplamağa, sistemləşdirməyə, həmin məlumatlar əsasında daha yaxşı qərarlar qəbul etməyə imkan verir. Bu, məsələnin danılmaz həqiqət hissəsidir. Amma 1 milyon 600 min kompüteri qısa zaman ərzində şagirdlərə alıb paylamaq Azərbaycan təhsilinin problemlərini həll etməyəcək”. 

Mövzuya münasibət bildirən təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq"ə açıqlamasında bildirib ki, həqiqətən də yalnız kompüterin alınması Azərbaycan təhsilinin problemlərini həll edəcək məsələ deyil. Onun sözlərinə görə, ümumiyyətlə, Azərbaycanın təhsil siyasətində köklü islahatlara ehtiyac var:

"Yalnız kompüter almaqla təhsil problemlərini həll etmək mümkün deyil. Çünki təhsil sistemində bir sıra ciddi problemlər hələ də qalmaqdadır. Buna görə də təhsildə köklü islahatların tərəfdarıyam. Bir kompüter almaq, yaxud da ki, təhsilin bu və ya digər formasından istifadə etmək kimi məsələlər təhsilin problemini həll etmir. Bunun üçün ciddi köklü islahatlara ehtiyac var. Sual oluna bilər ki, köklü islahatlar nədir? Qeyd edim ki, köklü islahatlar yalnız o vaxt baş verə bilər ki, dövlət başçısı ölkədə siyasi islahatlar aparar və həmin siyasi islahatların tərkibində təhsil islahatları da gedər". 

Təhsil eksperti hesab edir ki, təhsil islahatları zamanı ən önəmli məsələlərdən biri təhsilə azadlığın verilməsidir:

"Fikrimcə, ilk növ təhsilə azadlıq vermək lazımdır. Bu azadlıq da ondan ibarətdir ki, təhsil verən də, təhsil alan da təhsil bazarında özü seçim imkanına sahib ola bilsin. Həmçinin, ilk növbədə dövlət sektorunun, özəl sektorun və bələdiyyə sektorunun birgə inteqrasiyasını təşkil etmək lazımdır. Bundan başqa rəqabətə xüsusi önəm verilməlidir.

Hər şey də bax bundan doğur. Doğrudan da rəqabət olsa, həmin rəqabət nəticəsində təhsil inkişaf edəcək. Bu günləri bir çox şagird üçün distant təhsil daha əlçatandır. Amma eləsi var ki, distant təhsil ona sərfəli deyil. Düzdür, faktiki olaraq bu günləri ölkədə distant təhsil zəif də olsa, fəaliyyət göstərir. Distant təhsilin əsasən, dövlət sektorundan ayırması nəzərdə tutulur.

Ümumiyyətlə, hesab edirəm ki, bu günləri dövlət sektoru boşuna işləyir. Çünki onun hazırda heç bir səmərəsi hiss olunmur. Məsələn, bu gün faktdır ki, hər bir kəs fərdi şəkildə müəllim yanına gedir və imtahanlarda yüksək nəticə göstərir. Bu zaman bildirirlər ki, bu şagird filan məktəbin yetirməsidir. Amma halbuki, məktəbdə ona mövzu barəsində ətraflı izah verilməyib. Bunu yalnız fərdi yolla öyrənib.

Bu baxımdan düşünürəm ki, təhsil siyasətində ciddi islahatlara ehtiyac var. Təhsil nazirinin dediyi kimi, yalnız kompüter alıb şagirdlərə paylamaq, Azərbaycan təhsilinin problemlərini həll edəcək bir məsələ deyil".