ABŞ-ı hegemon güc hesab etmək olmaz

"Çinin təkcə iqtisadi və siyasi gücü deyil, son illərdə ordu gücü və hərbi gücü kifayət qədər artıb"


ABŞ-ın yeni administrasiyasının dünyada kiminsə onlarla müqayisə ediləcək hərbi-siyasi potensial və infrastruktur imkanlarına sahib olduğunu etiraf edəcək mənəvi gücü yoxdur. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedyev deyib. “Məsələn, Çin və ya Rusiyanı... SSRİ ABŞ tərəfindən bərabərhüquqlu rəqib kimi qəbul edilirdi. Bu, tərəflərin hərbi-siyasi pariteti ilə bağlı idi, hansı ki, bunun saxlanılması üçün beynəlxalq təşkilatlar sistemi yaradılmışdı. SSRİ-nin süqutundan sonra bu paritet müəyyən müddət yoxa çıxdı”, – deyə o bildirib. 

Mövzuya münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi-şərhçi Tural İsmayılov "Şərq"ə açıqlamasında vurğulayıb ki, Amerika Birləşmiş Ştatlarının hərbi büdcəsi dünyada ilk sıralarda yer alır:

"Dövlət büdcəsindən hərbi büdcəyə ayrılan maliyyə tutumuna görə, Amerika Birləşmiş Ştatları ön sıralardadır. Lakin buna baxmayaraq ABŞ ordusu dünyanın ən güclü ordusudur şəklində hansısa informasiya buraxmaq və başqa ölkələrin daxili işlərinə  qarışmaqla bağlı siyasət yürütmək özü də ədalətsizlik hesab olunmalıdır. İstənilən halda biz digər dövlətlərin ordusunun ABŞ ordusundan zəif olması ilə bağlı fikirlərin özünə də əminliklə "hə" deyə bilmərik". 

T.İsmayılov qeyd edib ki, Çinin təkcə iqtisadi və siyasi gücü deyil, son illərdə ordu gücü və hərbi gücü kifayət qədər artıb:

"ABŞ təkbaşına hərbi baxımdan hegemon güc hesab olunsaydı, o zaman NATO və yaxud da digər hərbi, siyasi alyanslar qurulmazdı. Avro-Atlantik ideoloji təbliğat şüuru baxımından ABŞ-ın hərbi qüdrəti ilə bağlı qəsdli şəkildə müəyyən informasiya sistemləri buraxılır. Ümumiyyətlə, düşünürəm ki, dünyada normal siyasi-əxlaqi şüur olmalıdır. Qədim dövrdən bəri siyasət fəlsəfəsinin əsas tezisi də elə siyasi əxlaq şüurunun üzərində qurulub. Yəni hərbi gücə görə üstün olan dövlətlər digər dövlətlərin daxili işlərinə qarışmaq, həmin dövlətlərlə hansısa xaosla çalxalanmaq hüququna əslən malik deyillər. Hesab edirəm ki, başqa ölkələrin daxilində siyasi qarışılıqlar yaratmaq istənilən halda təəssüf ki, hazırkı dünyanın real mənzərəsidir".