Nazirlik əlilliyin təyin olunması təcrübəsini İsveçrədən götürüb


"Görünən mənzərə odur ki, bu, işlək deyil və vətəndaşların haqlı narazılığına səbəb olub"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev deyib ki, işsizlikdən sığorta ödənişi alan vətəndaşların əhatə dairəsinin genişləndirilməsi üçün müvafiq qanunvericiliyə dəyişikliklər hazırlanıb. O qeyd edib ki, hər ay işsizlikdən sığorta ödənişi almaq hüququna malik olan vətəndaşlar haqqında məlumat toplanılır: “Ödəniş almaq hüququ olan vətəndaşlara özümüz müraciət edəcəyik. Bundan başqa, əgər hansısa vətəndaşın ödənişi praktiv qaydada alması mümkün olacaqsa, onlara ödənişlər praktiv şəkildə təyin ediləcək”. Sədr müavini vurğulayıb ki, hazırda proses davam edir:

“Agentliyimizin Ərazi Məşğulluq Mərkəzləri üçün təlimatlar hazırlanıb və yaxınlarda onlara göndəriləcək”.

İqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlamasında qeyd edib ki, qanunda dəyişikliyə tələsmək lazım deyil:

"Qanunvericiliyin hansı formada olduğu ilə tanış deyiləm. Amma atılan addımda bəzi nüanslar var ki, onlarla qeyd olunanlara əsasən, razılaşmamaq olar. Birinci odur ki, vətəndaşlar praktiv qaydada alması dedikdə nə nəzərdə tutulur və bu addım hansı beynəlxalq nümunəyə əsasən hazırlanıb? Bu yaxınlarda məlum oldu ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi əlilliyin təyin olunması praktikasını İsveçrədən götürüb və onu optimal hesab edib. Görünən mənzərə odur ki, bu, işlək deyil və vətəndaşların haqlı narazılığına səbəb olub". 

İqtisadçı-ekspert hesab edir ki, birinci növbədə qanunvericilikdə nəyisə dəyişməkdən əvvəl onu sınaqdan keçirmək lazımdır:

"Məsələn, bunu pilot layihə olaraq hər hansı qərarla sınaq etmək olar. Bundan sonra effektiv olacaqsa, qanunda dəyişiklik üçün müraciət etmək lazımdır. Təəssüf olsun ki, bizdə layihə hazırlanıb birbaşa Milli Məclisə ötürülür ki, təsdiq olunsun. Onun öncə effektivlik sınağı keçirilmir. Bu baxımdan hesab edirəm ki, yuxarıda qeyd olunduğu kimi, qanunda dəyişikliyə tələsmək lazım deyil. Sınaq keçirilib bunu nümayiş etdirmək lazımdır. Yoxsa digər qanunvericilər kimi hər il bir çox dəyişikliklər edilməsi məsələsi gündəmə gələcək".

R.Qarayev qeyd edib ki, bu günləri Azərbaycanda işsizlik sığortası özünü tam doğrultmur:

"Səbəb odur ki, bu sığorta işçidə elə imkan yaratmalıdır ki, onu işləmək imkanı olmadıqda belə xərcləyə bilsin. Hesab edirəm ki, həmin sığortanın özü onlayn olaraq görmək imkanına sahib olması daha məqsəduyğun olardı. Həmçinin ehtiyac olduqda vətəndaşlar həmin vəsaiti xərcləmək mexanizmi imkanına da sahib olmalıdırlar. Çünki işçinin gedib öz pulu üçün dövlət orqanına müraciət etməsi absurd məsələdir. DSMF-də yığılan pullar belə imkan vermir ki, işçi o vəsaitdən az da olsa, ehtiyac yarandıqda xərcləsin. Hesab edirəm ki, vəsaiti əldə etmək baxımdan vətəndaşa hüquq verilməlidir".