Cəmiyyət çox laqeyddir: Siqaret çəkən uşaqların sayı artmaqdadır 

 Uşaqlara siqaret satan 1568 şəxs məsuliyyətə cəlb olunub. Qeyd edilən şəxslər də daxil olmaqla övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 120 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb. Bununla yanaşı müvafiq problemin aradan qaldırılması, uşaqlara qayğı və yardımın göstərilməsi məqsədilə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 450 material göndərilib. 

Mövzu ilə bağlı “Şərq”ə açıqlama verən “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib ki, bu sahədə ölkəmizdə qadağalar və cəzalar sərtləşdirilsə də faydası olmayacaq:

“Çünki artıq cəmiyyətimiz elə laqeyd hala gəlib ki, bir yolla bunu edəcəklər. Bundan başqa uşaq və yeniyetmələr tanış gənclərə və hətta orta yaşlılara pul verib onlara siqaret almasını xahiş edəcək. Çünki biz qanun pozmaqdan, qaydalara əməl etməməkdən həzz alan və bununla fəxr edən cəmiyyətik”. 
Uşaq və yeniyetmərin tərbiyəsiz və aqressiv böyüməsinə gəldikdə, ekspert qeyd edib ki,  bu problemin sadə həll yolu var: “Uşaq və ya yeniyetmə hər hansı bir cinayət və ya qanun pozuntusu törətdikdə valideyni dərhal həbs edilməlidir. Həmçinin dövlət, ictimai və şəxsi əmlaka vurduğu zərərin ödənilməsi təmin edilməlidir. Bunu ödəməyə pulu yoxdursa, əmlakı müsadirə edilməlidir. Bu, valideynləri ağlllı olmağa vadar edə bilər. Onlar ağıllı olduqda uşaqlarına məcburən tərbiyə verməli olacaqlar”.