Azərbaycanın turizm potensialına İsrailin dəstəyi yeni imkanlar yaradacaq

İsrail Azərbaycanın üçüncü ən böyük ixracat istiqaməti olaraq qalır. Bunu Azərbaycan iqtisadiyyat naziri və Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov bildirib.

M.Cabbarov əlavə edib ki, Azərbaycan gələn il İsraildə turizm bürosu yaratmaq istəyir:

“Gizli deyil ki, ikitərəfli ticarətdə neft və qaz sahəsi mərkəzi yer tutur. Amma bunun daha da genişləndirilməsini istəyirəm.Xüsusən də turizm, kənd təsərrüfatı və aqrotexnika sahəsində əməkdaşlığı genişləndirmək istəyirik. Həmçinin kiber müdafiə, təhsil, su ehtiyatları və səhiyyə sahəsində də əməkdaşlıq etmək istərdik.  2019-cu ildə əsası qoyulan və qısa müddətdə müsbət təsiri olan ikitərəfli iqtisadi əməkdaşlıq forumun fəaliyyətini yeniləmək niyyətindəyik. Bu baxımdan İsraildə turizm bürosunun açılmasının da əhəmiyyətli mesaj verəcək. Eynilə, texnologiya sahəsində də İsrail ilə əlaqələrin daha da yaxşılaşdırılmasında maraqlıyıq”.

Mövzu ilə bağlı “Şərq”ə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanın gələcəkdə turizm potensialını inkişaf etdirmək üçün kifayət qədər imkanları var. Ekspert qeyd edib ki, bu sahədə bir çox ölkələrlə, o cümlədən İsraillə əməkdaşlığın olması bu, prespektivlərə müsbət təsir edə biləcək amildir:

“Onu da nəzərə almaq lazımdır ki, indiki İsrail ərazisində keçmiş Azərbaycan vətəndaşları və yaxud da Bakı sakinləri kifayət qədərdir, yəni sayları on minlərlədir. Onların da Azərbaycana səfər etməsi, Azərbaycanı yenidən kəşf etmələri belə demək mümkünsə kifayət qədər prespektivli bir sahədir”. 

N.Cəfərli əlavə edib ki, bu ölkə ilə gələcəkdə vizaların sadələşdirilməsi ilə bağlı məsələlər də həllini tapa bilər:

“Hesab edirəm ki, bundan sonra Azərbaycan turizm potensialına İsrailin dəstəyi və İsrail vətəndaşlarının Azərbaycana səfərlərinin sayının artması yeni imkanlar yaradacaq. Bundan başqa bu, İsraillə Azərbaycan arasında münasibətlərin artan templə inkişaf etməsinə də dəstək olacaq. Çünki, bu turizm bürosunun açılması tək turizm sahəsini deyil, hər iki dövlətin arasında əməkdaşlığının daha da genişləndirilməsinin işarəsidir”.