100 yaşlı "Şəfəq"...

Azərbaycanda ilk region mətbuatı sayılan bu orqanın öz inkişaf yolu olub

"Qəzetlər tarixdir, salnamədir. Bizdə ayrıca bölgə mətbuatının inkişaf etdirilməsiylə bağlı ciddi proqram olmalıdır"



Bu gün Azərbaycanda kifayət edəcək sayda yazılı mətbu orqanı var. Bunların böyük əksəriyyəti Bakı şəhərində fəaliyyət göstərir, çox az hissəsi isə regionların payına düşür. Regionlarda fəaliyyət göstərən mətbu orqanlarımız rəsmi qəzetlərdir. Təbii ki, əyalətin müstəqil qəzetləri fəaliyyətlərində ilk olaraq regionun tarixi, mədəniyyəti, adət-ənənəsi, əhalinin məşğuliyyəti, ictimai-siyasi, sosial uğurları və problemlərinin təbliği üzərində qurmalıdırlar. Bu bir həqiqətdir ki, heç bir nəşr rayon qəzeti qədər əhatə etdiyi bölgənin mənzərəsini canlandırmaq imkanına malik deyil. Etiraf edək ki, rayon qəzetlərinin paytaxtda nəşr olunan qəzetlərlə müqayisədə çətinlikləri daha çoxdur.

Bu səbəbdəndir ki, bir çox bölgə qəzetləri nəşrlərini dayandırıblar. Doğrudur, bu günləri internet sərhədsizdir. Ucqar kənddə də internetə qoşulub “isti” informasiyalar almaq mümkündü. Amma informasiyanı kim yayır, necə yayır, nə məqsədlə yayır, bunlar da böyük əhəmiyyət daşıyır. Bu mənada paytaxt öz yerində, regionlarda da etibarlı informasiya mənbəyinə ehtiyac var.  

Uzun ömürlü region qəzetlərimizdən biri də "Şəfəq" qəzetidir. Bir əsrlik tarixə malik olan “Şəfəq” qəzetinin tarixinə qısa nəzər salaq. Qubanın ilk rəsmi, həftəlik nəşr olunan mətbu orqanı “Şəfəq” qəzeti 1921-ci ilin aprel ayından fəaliyyətə başlayıb. Azərbaycanda ilk rayon mətbuat orqanı olub. Həmin dövrlərdə qəzet bir neçə səhifə həftəlik nəşr olunurdu. Qəzetin ilk adı “Əxbar” olub. Siyasi ideologiyaya görə qəzetin adı bir neçə dəfə dəyişib. “Xəbər”, sonra “ Şəfəq” adlanıb. Hazırda “Şəfəq” adı ilə nəşr olunur. Əslində sual yarana bilər ki, niyə ilk dəfə qəzet Qubada yaranıb? Məlum olduğu kimi, Quba qəzza komitəsi kimi fəaliyyət göstərib. Komitədən Qasım İsmayılovun başçılığı ilə bir qrup nümayəndə heyəti Leninlə görüşməyə gedir, ona sovqat aparırlar. Lenin isə Qubaya mətbəə bağışlayır.

Bununla da Qubada yalnız jurnalistika yox, həm də poliqrafiya sahəsində sürətli inkişaf başlıyır. 1991-ci illərdə qəzetin nüfuzu, məhsuldarlığı və populyarlığı kifayət qədər idi. Həmin dövrdə qəzet həftənin cüt günləri olmaqla həftədə 3 dəfə nəşr olunurdu və 10 min tirajla çıxırdı. “Şəfəq” qəzetinin mətbuat tarixində öz ənənəsi olub. Burada oxuculara yalnız yerli xəbərləri deyil, dünyada baş verən hadisələr barədə də xəbərlər verilirdi. Lakin Leninin bağışladığı çap maşını muzeyə təhvil verilir, mətbəə ləğv edilib. Əvəzində redaksiyaya bilgisayar, “Niva” markalı avtomobil bağışlanılır. Beləliklə, bir vaxtlar həftədə 3 dəfə 10 min tirajla çıxan qəzet sonradan bir çox çətinliklərlə üz-üzə qalır. Ayda cəmi 2-3 dəfə çap olunur. 

 "Şəfəq" qəzeti kimi bir çox region mətbu orqanlarımız var ki, bu və ya digər səbəbdən fəaliyyətlərini dayandırıb.

Yaxud da ki, ayda cəmi 2-3 dəfə çıxmaqla kifayətlənirlər.  Bir çox ekspertlər qeyd edir ki, regional media orqanları müxtəlif ərazilərdə ictimai rəyin formalaşmasına yardım etməklə ictimai mühitin həmin ərazi üçün vacib əhəmiyyət daşıyan hadisə və proseslərə, o cümlədən siyasi xadimlərin fəaliyyətinə nəzarətin həyata keçirilməsində birləşdirici rol oynayır. Bununla da, demokratik islahatların aparılması üçün əlverişli zəmin formalaşdırırlar. Ekspertlər region mətbuatının üç əsas probleminin olduğunu qeyd edirlər. Onlar hesab edir ki, bunlardan birincisi yerlərdə mətbuatın çapı və fəaliyyətinə olan ciddi maneələrdir. İkinci səbəb maddi- texniki bazanın olmamasıdır. Çünki rayonların heç birində normal mətbəə yoxdur ki, məsul şəxslər qəzetləri çap etsinlər. Üçüncüsü, kadr məsələsidir. Bu gün əksər region mətbuatında yalnız yaşlılar fəaliyyət göstərirlər.  Düzdür, dövlətimiz tərəfindən regional medianın dirçəldilməsi baxımından bir sıra zəruri addımlar atılmaqdadır. Heç şübhəsiz, işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri başa çatdıqdan və əhalinin bölgəyə köçü başladıqdan sonra regional media orqanları da paralel fəaliyyətə başlayacaq. Zamanla həm yeni mətbuat qurumları meydana çıxacaq, həm də işğaldan əvvəl mövcud olmuş nüfuzlu KİV-lərin bərpası prosesi başlayacaq. Sevindirici haldır ki, yaxın vaxtlarda regional mətbu orqanımız olmuş və 1931-ci ildə Füzulidə çapa başlayan “Araz” qəzetinin redaksiyası bərpa ediləcək. Bununla da heç şübhəsiz ki, zamanla həm yeni mətbuat qurumları meydana çıxacaq, həm də işğaldan əvvəl mövcud olmuş nüfuzlu KİV-lərin bərpası prosesi başlayacaq. Ekspertlərə görə, yeni reallıqlar, informasiya siyasəti və Qarabağın yenidən dirçəldilməsi baxımından bölgədə müxtəlif media orqanlarının fəaliyyəti olduqca önəmli və zəruridir. Ümumiyyətlə, bütün bölgələrdə əyalət mətbu orqanlarının olması zəruridir. Çünki Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi vaxtilə deyirdi ki, hər bir vilayətin qəzeti həmin vilayətin aynasıdır. Bəs bu gün regionlarda çıxan bir çox qəzetlərimiz həmin bölgənin aynası ola bilirmi? Ümumiyyətlə, region mətbuatının vəziyyəti hansı durumdadır? 

"Şərq" olaraq bu sualları mətbuat nümayəndələrinə ünvanladıq. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli "Şərq"ə açıqlamasında qeyd edib ki, ümumilikdə region mətbuatımızın durumu o qədər ürəkaçan vəziyyətdə deyil. O vurğulayıb ki, bu günləri bölgələrdə yayım demək olar ki, sıfır səviyyəsindədir: "Bildiyimiz kimi, bu yaxınlarda Qubada "Şəfəq" qəzetinin 100 illik yaşı qeyd olundu. Təbii ki, bu bizi çox sevindirir.

Qeyd edim ki, “Şəfəq” qəzetinin mətbuat tariximizdə öz ənənəsi olub. Vaxtilə qəzetin nüfuzu, məhsuldarlığı və populyarlığı kifayət böyük olub. Lakin internetin inkişaf etdiyi bir şəraitdə bölgə və region mətbuatı anlayışının özü belə kövrəkləşir. Ancaq əyalət mətbuatına bu cür münasibəti düzgün hesab etmirəm".

Q.Məhərrəmli qeyd edib ki, internetə ciddi və mötəbər arxiv kimi güvənmək olmur: "Hesab edirəm ki, regionlarda çıxan qəzetlərin əsas işi bu bölgənin problemlərini, ona aid olan xəbərləri və nöqsanları göstərməkdir. Yəni insanları bu barədə məlumatlandırmaq və onları bölgədə gedən proseslərlə tanış etməkdir. Yəni yaxşını, pisi, ağı qaranı və s. bunların hamısını açıq şəkildə göstərməkdir. Fikrimcə, belə olduğu halda insanlar həmin qəzetin, media qurumunun varlığını hiss edəcək. Buna misal olaraq, bu günləri Masallı rayonunun "Cənub xəbərləri" qəzetinin fəaliyyətindən danışmaq olar. Həm qəzet, həm də sayt kimi xeyli fəaldır. "Cənub xəbərləri"nin baş redaktoru Zahir Əmənovun fəaliyyətini yüksək qiymətləndirirəm. Bu yaxınlarda qəzetin internet televiziyası da fəaliyyətə başladı. Burada bölgənin problemləri geniş şəkildə işıqlandırılır. Təbii ki, bunlar müsbət addımlardır. Lakin çox təəssüf ki, bəzi bölgələrdə qəzetlərimiz icra hakimiyyəti orqanları tərəfindən maliyyələşdirilir. Həmin qəzetlər də icra hakimiyyətinin şəkillərinə və məlumatlarına geniş yer ayırırlar. Təbii ki, bu qəzet deyil, bu, təbliğat vasitəsidir. Mətbuata bu cür yanaşma yanlışdır. Bu baxımdan biz "Şəfəq" qəzetinin yüz illiyini tarixi hadisə kimi qeyd edirik. Amma və lakin region mətbuatı çox ciddi şəkildə acınacaqlı durumdadır. Bölgələrə qəzetlər getmir, yayım işi sıfır vəziyyətindədir. Təbii ki, ilk növbədə o işlərin canlandırılmasına ehtiyac var. Çox zaman hesab edirlər ki, yerlərdə internet varsa, qəzetə ehtiyac yoxdur. Amma qeyd edim ki, bunların hər birinin özünəməxsus yeri var. Qəzetlər tarixdir, salnamədir. Bunlar tarixin yaddaşına köçən hadisələrdir. İnternetə ciddi və mötəbər arxiv kimi güvənmək olmaz. Amma qəzetlər qalır və sabah onu araşdıranda bölgədəki hadisələri, prosesləri görmək mümkündür. Ona görə də hesab edirəm ki, bizdə ayrıca bölgə mətbuatının inkişaf etdirilməsiylə bağlı ciddi proqram olmalıdır". 

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət "Şərq" açıqlamasında bildirib ki, bu günləri bölgədəki media orqanlarının imkanları o qədər də az deyil. Ekspert hesab edir ki, əgər yerli mətbuat orqanları ənənəvi xəbərçilikdən imtina etsələr və daha çox yerli məsələlərə köklənsələr, o zaman onların uzunmüddətliyi təmin ediləcək:

"Fikrimcə, hazırda mətbuatın xilası üçün ən unikal seçim lokal və yerli xəbərlərə üstünlük verilməsidir. Bu baxımdan da bölgədəki medianın imkanları az deyil. Əslinə qalanda biz baxırıq ki, bəzən adicə bir kəndin xəbərləri həmin kənddə çox geniş tirajlanır. Belə deyək ki, ağızdan-ağıza keçir. Hətta sosial  media üzərindən həmin xəbərlər paylaşılır. Bu da ondan xəbər verir ki, insanlar qlobal məsələlərdən daha çox yerli məsələlərə diqqət ayırırlar". 

A.Həsrət əlavə edib ki, regionlarda əhalini daha çox sosial və yerli məsələlər narahat edir: "O baxımdan düşünürəm ki, "Şəfəq" qəzetinin də yaşamaq şansı çox yüksəkdir. Yəni daha çox yerli xəbərlərə köklənən bir qəzet olaraq, əlbəttə ki, uğur qazanmaq üçün imkanları tükənməyib. Bu baxımdan hesab edirəm ki, təkcə Qubadakı qəzet deyil, bütün bölgələrdəki qəzetlər ənənəvi dediyimiz xəbərçilikdən imtina etməlidir. Onların daha çox yerli məsələlərə köklənməsinin məqsədəuyğun olduğunu hesab edirəm. Çünki bu, onların yaşarlılığını təmin edəcək. Bu bir faktdır ki, bütün dünyada yerli xəbərlərə üstünlük verən media uğur qazanır və qazanmağa da davam edir. Təbii ki, burda Azərbaycan da istisna deyil. Hesab edirəm ki, regionlarda ictimai, siyasi, eyni zamanda yerli əhəmiyyətli sosial problemlərə yönəlik media fəaliyyət göstərməlidir".