İstənilən risklər nəzərə alınmalıdır


“Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrində "Huawei" şirkəti də iştirak edəcək

Qarabağda yenidən qurulacaq ərazilərdə “Huawei” şirkətinin rəqəmsal texnologiyasından istifadə ediləcək. Bunu Prezident İlham Əliyevin Zəngilanın Ağalı kəndində icra olunacaq “Ağıllı kənd” layihəsində iştirak edəcək şirkətlərin nümayəndələri ilə videoformatda keçirilən söhbətində “Huawei-Azərbaycan” şirkətinin baş meneceri deyib. Böyük zəfər münasibətilə Prezident İlham Əliyevi təbrik edən şirkətin baş meneceri qeyd edib ki, “Huawei” ən son qabaqcıl texnologiyaları Qarabağda təqdim etməyə və gələcəkdə “Ağıllı kənd”lərin inkişafında iştirak etməyə hazırdır.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, uzun müddətdir ki, ABŞ və Avropada "Huawei" şirkəti ilə bağlı problemlər var. Ekspert qeyd edib ki, bir çox ölkələr onu telefonlardakı proqram təminatlarında yerləşdirdiyi xüsusi kodlar vasitəsilə məlumatları oğurlamaqda və Çin hökumətinə ötürməkdə günahlandırır:

"Huawei"in milyardlarla marketinq siyasətini və ucuz məhsul satmasını Çin hökumətinin dəstəyilə olduğu bildirilirdi. Ancaq "Huawei" şirkəti hər zaman bunları təkzib edib. Prezidentə təqdim olunan təqdimatdan belə anlamaq olar ki, ölkəmizdə “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrində "Huawei" şirkəti də iştirak edəcək. Sual yarana bilər. Burada ölkəmiz üçün hansısa təhdidlər, risklər ola bilər? Əgər ABŞ və Avropa "Huawei"ə qarşı sanksiyaları genişləndirsə nə baş verəcək? Qeyd edim ki, 5G reallaşanda bu sanksiyaların da kəskinləşəcəyi haqqında beynəlxalq mediada məlumatlar verilir. Düşünürəm ki, bu məsələdə təhlükəsizliklə bağlı müəyyən risklər var. Dəfələrlə qeyd etmişik ki, bizdə dövlət sektorunda "Huawei"in xüsusi çəkisi yetərincədir. Ucuz olduğu üçün zaman-zaman bəzi dövlət qurumları bu şirkətin sistemlərinə üstünlük verib. "BakTelecom"un (BTRİB) 80 faizi, "Aztelekom"un 70 faizi, hətta bəzi dövlət qurumlarının Data Mərkəzləri "Huawei" məhsulları üzərində oturub. İndi “Ağıllı şəhər” və “Ağıllı kənd” infrastrukturunun, ağıllı infrastrukturun əsas bazisinin bu şirkətin texnologiyası və avadanlığı üzərində "oturması" nəzərdə tutulur. Əgər adıçəkilən sanksiyalar reallaşacaqsa, hesab edirəm ki, Azərbaycan informasiya sahəsində çox ciddi təhdidlərlə üzləşə bilər. Bildiyim qədər dövlət sektorunda təhlükəsizliyə cavabdeh olan XDMX-nin də əvvəllər bu istiqamətdə dövlət qurumlarına müəyyən tövsiyələri olub".
O.Gündüz vurğulayıb ki, əgər bu məsələlərdən sonra hökumət yenə də strateji məsələlərdə "Huawei" ilə iş birliyinə önəm veribsə, o zaman düşünmək olar ki, burada müəyyən anlaşmalar əldə edilib: "Ola bilsin ki, təhlükəsizlik məsələləri öncədən nəzərə alınıb. İstənilən halda, fikrimcə, təhlükəsizliyə, rəqəmsallaşmaya cavabdeh dövlət qurumları qlobalda baş verənləri mütləq diqqətlə izləməlidirlər. Çünki gələcəkdə biz informasiya sahəsində hansısa ciddi problemlərlə qarşılaşmayaq. Yeri gəlmişkən, "Huawei"dən əlavə elə ölkəmizdə də fəaliyyət göstərən Çinin çoxsaylı digər şirkətləri var. Onların Çin hökumətinə məlumat ötürməsi barəsində indiyədək hər hansı bir açıqlama olmayıb".