Danışıqlar Xamneyinin razılığı ilə başlayıb

ABŞ-ın İranla başlatdığı nüvə danışıqları prosesində tərəflər ortaq məxrəcə gələ bilər

Tehran ağır sosial-iqtisadi vəziyyətdən çıxmaq üçün sanksiyaların yumşalmasına da çalışır


İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin xarici siyasəti ilə bağlı mətbuata sızan səs yazısına aydınlıq gətirmək üçün parlamentə çağırılıb. Bu barədə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sözçüsü Əbülfəzl Amuli bildirib. O qeyd edib ki, nazirə səs yazısının yayılmasına aydınlıq gətirməsi üçün komitənin növbəti iclasına gəlmək təklif edilib.

Mövzuya münasibət bildirən MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında deyib ki, Cavad Zərifin Rusiya nüvə sazişinə qarşı çıxmaqla bağlı səs yazısı mətbuata məqsədli şəkildə ötürülüb:

"Fikrimcə, ABŞ-ın İranla başlatdığı nüvə danışıqları prosesində tərəflər ortaq məxrəcə gələ bilər. Çünki bu danışıqlar İran rəhbərliyi, xüsusilə ali dini rəhbər S.Ə.Xamneyinin birbaşa razılığı ilə başlayıb. İran bu danışıqlara ehtiyac duyur. Həmçinin, o, ağır sosial-iqtisadi vəziyyətdən çıxmaq üçün sanksiyaların yumşalmasına da çalışır. Çünki İranda getdikcə inflyasiya inkişaf edir. Hazırkı prosesdə isə nüvə anlaşmasına Rusiya mane olmağa çalışır. Ona görə də, İran XİN rəhbəri Cavad Zərifin Rusiya nüvə sazişinə qarşı çıxmaqla bağlı səs yazısı mətbuata məqsədli şəkildə ötürülüb. Məlum oldu ki, nüvə danışıqlarında təmsil olunan Rusiya üzdə anlaşmanı dəstəkləsə də, arxa fonda İrana təzyiq edir ki, anlaşmaya getməsin. Göründüyü kimi, Rusiya masada bir təklif verir, arxa planda verdiyi təklifə qarşı çıxır". 

Politoloq qeyd edib ki, ABŞ-la İran nüvə anlaşmasına gəldikdən sonra Rusiyaya qarşı sanksiyalar daha da genişlənəcək:

"Hətta neft və qaz alışı dayandırıla bilər. Əvəzində İrandan neft-qaz alınması mümkündür. Ümumiyyətlə, regionda çox ciddi gərgin proseslər gedir. Hesab edirəm ki, Azərbaycan təhdidlərə hazır olmalı və Türkiyə ilə öz hərbi imkanlarını dərinləşdirməlidir".