Azərbaycan mediası niyə qazana bilmir?

"Çünki media hər şeydən öncə insanların, ictimaiyyətin, auditoriyanın etimadını qazanmalıdır"

"Bu günləri ölkəmizdə müstəqil biznes fəaliyyəti olmalıdır. Nə qədər ki, iqtisadiyyatda sərbəst bazar yalnız illüziya kimi ortadadır, medianın reklam problemi hər zaman olacaq"


İnsanların işdə və ya istirahətdə olmasından asılı olmayaraq fasiləsiz olaraq müraciət və istifadə etdikləri qəzetlər, jurnallar, kitablar, radio, televiziya, internet və s. kimi informasiya mənbələri mövcuddur. Bu kommunikasiya vasitələri artıq müasir cəmiyyətin ən aparıcı və mühüm sahəsindən birinə çevrilib. Qeyd edək ki, kütləvi media müasir cəmiyyətdə ilkin informasiya istehsalçısı kimi özünə mühüm yer tutmaqla yanaşı, həm də informasiya cəmiyyətinin formalaşmasında xüsusi rola malikdir.

Bu günləri bir çox müasir mediasistemləri mövcuddur. Bu müasir mediasistemin strukturuna və əsas tərkib elementlərinə həm ənənəvi periodik və qeyri-periodik nəşrləri aiddir. Həmçinin elektron nəşrləri, audio-video xidmətləri və məhsulları, radio-televiziya verilişlərini hazırlayan müəssisələr, həmin xidmətləri təqdim edən infrastruktur, həm də İKT-nin, internetin geniş yayılması ilə əlaqədar olaraq digər elektron vasitələr, texniki sistemlər, şəbəkələr və texnologiyalar daxil etmək olar.

Bu faktdır ki, artıq müasir media cəmiyyətdəki struktur dəyişmələrində müəyyən təsirə malikdir. Çünki mediasistem inkişaf edərək müstəqil bazar iştirakçısına çevrildikcə informasiya bolluğu şəraitində zəruri informasiya mallarının və xidmətlərinin axtarılması, tapılması, yeni texnologiyaların işlənilməsini zəruri edir.

İKT ilə əlaqəli yeni media məhsul və xidmətlər köhnələrlə müqayisədə müəyyən kommersiyalaşma xüsusiyyətlərinə malikdir. Eləcə də İKT-yə müxtəlif səviyyəli çıxış imkanlarının olması media məhsulların reallaşdırılmasında yeniliklər yaranmasına səbəb olur. Nəticə etibarı ilə mediasistem yeni cəmiyyətin inkişaf faktoru kimi çıxış edir.

Artıq müasir İKT vasitələri medianın insanların ictimai-siyasi və mədəni həyatına təsirini əhəmiyyətli şəkildə artırır. İKT-nin, xüsusən, internetin intensiv və sürətli inkişafı və geniş tətbiqi nəticəsində media sahəsində köklü dəyişikliklər baş verir. Yəni ənənəvi fəaliyyət sahələri transformasiyaya uğrayır. İnternet vasitəsilə medianın ənənəvi analoqlarına uyğun olaraq internet-qəzet, internet-jurnal, internet-informasiya agentliyi, internet-radio, internet-televiziya, Web-portallar və s. kimi yeni media vasitələri formalaşır.

Bu da iqtisadiyyatda yeni bazarın, yəni media iqtisadiyyatının formalaşmasına təkan verir. Qeyd edək ki, media iqtisadiyyatı öz növbəsində informasiya cəmiyyətinin nüvəsini təşkil edən informasiya iqtisadiyyatının əsas istiqamətlərindəndir. ABŞ tədqiqatçısı D.Smayt auditoriyanı mediasistemin əmtəəsi hesab edirdi. O qeyd edirdi ki, həmin auditoriyanı cəlb etmək hesabına “media-auditoriya-reklamçılar” triadasının işini uğurla həyata keçirmək olar. Bu gün reallıqdır ki, qlobal informasiya cəmiyyətində artıq informasiya və bilik əmtəəyə çevrilməkdədir. 

Müasir dünya media təcrübəsinə nəzər yetirdikdə görürük ki, dünya kütləvi informasiya vasitələrinin özlərinin sərbəst bazar gəlirləri mövcuddur.

Ümumdünya Qəzet və Xəbər Yayımçıları Assosiasiyasının (WAN-IFRA) hesabatında bildirilib ki, 2020-ci ildə dünyada kütləvi informasiya vasitələri sənayesinin gəlirləri 112,4 milyard dollara çatıb. Qeyd olunur ki, xəbər yayımçılarının gəlirləri illik müqayisədə 11 faiz azalıb. Çap reklam sahəsi daha çox ziyan çəkib. Bu sahədə gəlirlər 19,5 faiz azalıb. Çap nəşrlərinin gəlirləri 13 faiz azalma göstərib. Eyni zamanda, KİV-lərin 17 faizi 2020-ci ildə gəlirlərinin artdığını bildirib. Rəqəmsal mətbuatın auditoriyası 36 faiz artıb. Göründüyü kimi, artıq dünyada rəqəmsallaşma informasiya formalaşmaqdadır. Təbii ki, bu sahədən gələn gəlirlər də artmaqdadır. Amma əfsuslar olsun ki, Azərbaycanda kütləvi informasiya vasitələri biznes strukturlarına çevrilməkdə bir çox çətinliklər çəkirlər. Media ekspertləri də media sahəsində reklam məsələsinin çox həssas olduğunu deyirlər. Onların fikrincə, reklam sifarişçisi məhsulunun cəmiyyətdə daha geniş şəkildə yayılmasını arzulayır. Bunun üçün daha populyar vasitələri seçir. Yəni hansı vasitə daha çox yaya bilirsə, insanlar hansından məlumatı, reklamı daha çox ala bilərlərsə, şirkətlər də ona üz tuturlar. Qardaş ölkə Türkiyədə dövlətin verdiyi reklamların paylaşılması müəyyən mexanizm əsasında reallaşır. Digər xarici ölkələrdə isə reklam müəyyən bir şuraya verilir. Şura da qəzetlərin populyarlılığına, tirajına görə reklamı onlar arasında yayır. Azərbaycanda isə vəziyyət tam fərqlidir. Ölkəmizdə özəl televiziyalar, agentliklərdən fərqli olaraq digər mətbuat orqanlarının reklam bazarı azdır və yaxud da sıfır səviyyəsindədir. Bəs, bu problemin kökü hardan qaynaqlanır? Onun həlli yolları nələrdir? 



Mövzu ətrafında "Şərq" olaraq media eksperti Zeynal Məmmədli ilə söhbətləşdik. Media eksperti hesab edir ki, ilk növbədə ölkəmizdə media sahəsində azad, sərbəst bazarın formalaşmasına çox ehtiyac var:

"Bu günləri ölkəmizdə müstəqil biznes fəaliyyəti olmalıdır. Nə qədər ki, iqtisadiyyatda sərbəst bazar yalnız illüziya kimi ortadadır, medianın reklam problemi hər zaman olacaq. Fikrimcə, reklam olduqda medianın müstəqillik iştahası da artacaq. Nəticədə pul qazanmağa başlayan mətbu orqan gözünü kiminsə cibinə dikməyəcək, hansısa qrupların əlində alətə çevrilməyəcək. Bir faktı qeyd edim ki, media çox spesifik sahədir. Çünki media hər şeydən öncə insanların, ictimaiyyətin, auditoriyanın etimadını qazanmalıdır. Etimad olanda təbii ki, o zaman reklam da olacaq. Media spesifik sahə olduğu üçün çox zaman hökumətin, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və bütövlükdə cəmiyyətin bəzən vaxtlar toqquşan maraqları burada öz əksini tapır. Medianın əsas kriteriyası müstəqil olmaqdır. Sual yarana bilər ki, ölkəmizdə media nə dərəcədə müstəqil olacaq? Yəni bir güvənli media orqanı olaraq bazardan yalnız auditoriya hesabına pul qazana biləcəkmi? Hesab edirəm ki, bu yalnız medianın ayrı-ayrı koorparasiyalardan müəyyən məbləğdə vəsait almayacağı təqdirdə ola bilər. Bax, o zaman onların fəaliyyətində şəffaflıq olacaq. Həmçinin koorparasiyalardan alırsa belə, nə üçün alır? Bütün bunlar dəqiq bilinəcək. Bəs, bütün bunlar nəyi şərtləndirir? Təbii ki, sərbəst bazara". 

Z.Məmmədli vurğulayıb ki, sərbəst bazara keçid zamanı jurnalistika fəaliyyətinin peşəkarlığına xüsusi önəm verilməlidir: "Burada ən ciddi məsələlərdən biri jurnalistikanın fəaliyyətinin peşəkarlığıdır. Hesab edirəm ki, bu, həmin media orqanının nüfuz qazanmasında önəmli rola malikdir. Amma təbii ki, burda da maddiyyat önəmlidir. Çünki bu olmadıqdan sonra fəaliyyətindən necə maddi gəlir əldə edəcəyi sual altındadır. Sual yarana bilər ki, belə tərzdə necə öz fəaliyyətini maliyyələşdirəcək? Ona görə də səbəbi bazarda axtarmaq lazımdır. Çünki bu günləri ölkəmizdə bazar sərbəst deyil. Ancaq bazar sərbəst olduqda kommersiya strukturları istər-istəməz mediadan reklam vasitəsi kimi istifadə edəcək və medianın sərbəst fəaliyyətində maraqlı olacaq. Məsələn, bir şəxs adi bir dülgərdir. Onun daha çox tanıdılması üçün hardasa elan verməyə ehtiyac var. Bu günləri şahid oluruq ki, sosial şəbəkələrdə bir çox adamlar öz fəaliyyətini tanıtmaqla məşğuldur. Bunlar sayəsində onlar özlərinə oxucu auditoriyası əldə edir və nəticədə müəyyən məbləğdə vəsait qazanırlar". 

Z.Məmmədli əlavə edib ki, sosial mediada ayrı-ayrı şəbəkələrin fəaliyyəti heç də peşəkar medianın fəaliyyətini ikinci plana ata bilməz:

"O baxımdan hesab edirəm ki, peşəkar media etibarlı informasiya qaynağı olmalıdır. Bu günləri sosial şəbəkələr subyektiv informasiyalarla doludur. Yəni yanlış-doğru informasiyalar üstünlük təşkil edir. Əslinə qaldıqda isə o təbliğatdır. Buna görə də mediada doğru məlumatların daha çox üstünlük təşkil etməsində fayda var. Çünki media auditoriyanı məlumatlandırır və əhali özü qərar verir. Nəyi bəyənir, nəyi yox? Bu günləri digər ölkələrin mediasından fərqli olaraq çox təəssüflər olsun ki, biz hələ də bilmirik ki, hardan maddi qaynaq tapaq. Bilmirik ki, Azərbaycan mediasında ayrı-ayrı televiziyalar reklamdan nə qədər qazanır?

Yəni KİV-lərin reklam gəlirləri haqqında heç ümumi təsəvvürlərimiz belə yoxdur. Qeyd edim ki, dünyanın hər yerində medianın əldə etdiyi gəlir satdığı məhsul deyil, əslində aldığı reklamdır. Dünya praktikasında mətbuatın gəlirlərinin çox əhəmiyyətli kəsimi reklam gəlirlərinin payına düşür. Tutaq ki, Almaniyada medianın gəlirlərinin 40 faizi reklam hesabına olur. Reklam faizi 50-60 faiz olan ölkələr də var. Bu məsələlər ölkəmizdə də şəffaf olmalıdır. Bu günləri Azərbaycan jurnalistinin orta maaşını və qonorarının həcmini dünya ölkələri ilə deyil, hətta Qafqazla müqayisə etdikdə belə, Gürcüstandan çox aşağıdır. Gəlin bir məsələni də nəzərə alaq. Ucuz xəbər hazırlayan jurnalist nə dərəcədə dolğun xəbər hazırlaya bilər? Qeyd edim ki, sadəcə bir xəbəri hazırlamaq üçün jurnalist nəqliyyata nə qədər pul xərcləməli, kimləsə görüşməlidir. Yəni ümumilikdə, bu sahədə problemlərimiz çoxdur. O baxımdan hesab edirəm ki, Azərbaycan mediasının gələcəyi sərbəst bazarla təchiz olunmalıdır. Sərbəst bazar sayəsində ölkə mediasında rəqabət mühiti formalaşacaq. O zaman da reklam şirkətləri media təşkilatlarının arxasındakı kütləni görəcək və mallarını mətbuat vasitəsi ilə yaymaqda maraqlı olacaqlar”.