Yeni əsrin müharibəsi reallığa çevrilir

Qırğızıstan və Tacikistan arasında qarşıdurma su mənbəyi uğrunda mübarizədən qaynaqlanır

Qırğızıstan və Tacikistan sərhədində hər iki ölkənin silahlı qüvvələri arasında atışma olub. Hadisə İsfara şəhəri yaxınlığında İsfara çayının yuxarı axınındakı "Qolovnaya" su paylama məntəqəsinin yerində baş verib. Toqquşma nəticəsində bir Qırğızıstan vətəndaşının öldüyü, 16 nəfərin isə yaralandığı bildirilir.Tacikistan tərəfi isə üç vətəndaşın güllə yarası aldığını qeyd edib. Hər iki tərəfdən yerli sakinlər qarşıdurmada iştirak edib. Hər iki dövlət məsuliyyəti bir-birinin üzərinə atır. Bölgədə daim qarşıdurmalar baş verir. Buna səbəb hər iki ölkə sərhədində delimitasiya olunmamış ərazilərin mövcud olmasıdır.

Mövzu ilə bağlı danışan politoloq İlyas Hüseynov vurğulayıb ki, bu münaqişənin özəlliyi ondadır ki, su mənbəyi uğrunda hər iki tərəf mübarizədədir. Politoloq qeyd edib ki, bu cür permanent münaqişə ocaqları dünyanın siyasi xəritəsində onlarladır:

"1924-1927 və 1989-cu il xəritələrinə görə, bu obyekt tamamilə Tacikistana məxsusdur. Və 1968-ci ildən bəri Tacikistan, Qırğızıstan və Özbəkistanın sərhəd bölgələrinin suvarılması və su təchizatı üçün istifadə edilib. Münaqişənin özəlliyi bundadır ki, su mənbəyi uğrunda hər iki tərəf mübarizədədir. Bizim Vətən müharibəsini də "Suqovuşan" və "Sərsəng" uğrunda mübarizə kimi dəyərləndirənlər vardı.

Digər tərəfdən, Ağbənd məntəqəsi işğaldan azad olunduqdan və 132 kilometrlik Azərbaycan-İran sərhədinə Silahlı Qüvvələrimiz tərəfindən nəzarəti bərpa etdikdən sonra "Xudafərin" və "Qız Qalası" su rezervuarlarından ikitərəfli istifadəni əldə etmək mümkün oldu.

İşğaldan azad olunan çoxsaylı çaylar üzərində indi də SES-lərin tikintisi və bərpa olunan enerji istiqamətində intellektual həll variantları tətbiq olunur.

Yeni əsrin müharibələri ilə bağlı mühazirələrimizdə dediklərimiz artıq reallığa çevrilməkdədir".