Tahirə Məmmədqızı aydınlıq gətirdi: “Çəkilişdə təzyiqim qalxdı, ürəyim...”

Yaxınlarda “ Bazar düzü” verlişinin aparıcısı Tahirə Məmmədqızının efirdə halı pisləşib və huşunu itirib. Bu kadrlar sosial şəbəkələrdə paylaşılıb. Əksəriyyət məlum olayda proqramın qonağı müğənni Əli Mirəliyevi günahlandırıb. T.Məmmədqızının onunla mübahisədən sonra vəziyyətinin pisləşdiyini söyləyiblər.
“Sherg.az” da məsələyə aydınlıq gətirmək üçün Tahirə xanımın özü ilə həmsöhbət olub. Həmkarımız həmin hadisənin səhhətindəki problemlərlə əlaqəli olduğunu bildirib:

“İki il əvvəl əməliyyat olunmuşam. Bunun gündəm kimi istifadə olunmasını istəmirəm. İmmunitetim zəifdir, bu dönəmlərdə  həssasam, gərginlik və iş rejimi də hərdən adamı yorur.

Həmin gün  özümü yaxşı hiss etmirdim. Düşündüm ki, verlişin sonuna qədər dözərəm. Lakin çəkiliş zamanı təzyiqim qalxdı, ürəyim bir az narahat oldu, halsızlaşdım və müvazinətimi itirdim.

Sosial şəbəkələrdə müzakirələr oldu, rəylərə də baxırdım. Ümumiyyətlə, əvvəllər “komment”lərə tez reaksiya verirdim, pis olurdum. İndi əvvəlki kimi önəmsəmirəm. Yenə də bilib-bilmədən rəy yazanlara münasibət bildirmək istəyirəm. Əli  Mirəliyevlə bağlı şərhlər var idi. 

Bəziləri onu ittiham etdi ki, xəstə olduğunu bilirdiniz niyə aparıcını əsəbləşdirdiniz, yaxud da Əli müəllim haqlıdır deyənlər də oldu. Birmənalı söyləyirəm ki, Əli müəllimlə illərdir dostuq. Onun ailəsi məni tanıyır, mənim də ailəm onu. Qızı ilə çox yaxınıq. Bizim  fikir ayrılığımız ola bilər. Bu o demək deyil ki, onunla düşmənik, ya da verlişdə dalaşmışıq. Sadəcə normal müzakirə etmişik. Düşüncələrimiz uyğunlaşmayıb.  Verlişdə halımın pisləşməsi qətiyyən Əli Mirəliyevlə əlaqəli deyil.

Fikirləşməsinlər ki, biz mübahisə etdik deyə halım psiləşdi. Sadəcə  səhhətimdə bəzən belə problemlər olur. İstəməzdim tamaşaçılar o görüntülərin şahidi olsunlar. Həmişə çalışmışam ki, problemlərim, şəxsi həyatım gündəmdə olmasın.

Bəzən istəmədən də olsa,  nələrsə görünür və müzakirə olunur.  Allah kimsəni sağlamlıqla imtahan etməsin. Hamıya can sağlığı arzulayıram. Bir xəstəliklə mübarizə aparan insan üçün belə hallar normaldır. Təkrar edirəm,  Əli Mirəliyevlə, ya da proqramda kiminləsə mübahisə etdiyim üçün halım pisləşməyib”.