Koçaryan bilir ki, seçilmək şansı yoxdur

Məhz buna görə keçmiş prezident küçə etirazlarından danışır

"Koçaryan Paşinyanı küçədən hakimiyyətə gələn savadsız bir adam kimi dəyərləndirirdi"

"Amma indi özü xalq arasında heç bir reytinqin olmadığını görüb küçələrə çıxmaq və küçə hərəkatlarının hansısa bir alternativ akt olacağını qəbul edir"

Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri asan olmayacaq, nəhəng təşviqat işi aparmaq, komissiyalar qurmaq lazımdır. Bu barədə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan tərəfdarları ilə görüşdə deyib. Onun sözlərinə görə, seçki günü məntəqələrdə səsləri qorumaqda qətiyyətli və inadkar olan böyük vəkil ordusuna sahib olmaq lazımdır. İkinci prezident gələcək təşviqat qərargahının demək olar ki, formalaşdığını və bu istiqamətdə işlərin davam etdiyini söyləyib: "Hər kəsin bu işlərdə iştirak etmək imkanı var. İstəyinizə və hazırlıq dərəcənizə əsasən sizə müxtəlif iş istiqamətləri təklif ediləcək. Əmin edirəm ki, hər biriniz bu prosesdə öz yerini tapacaq”.

Koçaryan əlavə edib ki, seçkilər asan olmayacaq: “Küçə mübarizəsində ixtisaslaşdığımızı başa düşürəm. Çox güman ki, belə bir mübarizəyə ehtiyac olacaq". O, həmçinin Nikol Paşinyanın şansı olmadığını anladığından hüquq-mühafizə sisteminin daha təmkinli davranacağına ümid etdiyini deyib.
 Mövzuya münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi-şərhçi  Tural İsmayılov "Şərq"ə açıqlamasında bildirib ki, Robert Koçaryanın Ermənistanda yenidən iqtidara gəlmək məsələsi beynəlxalq güclər tərəfindən istənilən bir məsələdir: "Burda beynəlxalq güclər deyəndə, təbii ki, Rusiya  faktorunu nəzərdə tuturam. Əslində hazırda Ermənistanda növbədənkənar parlament seçkiləri Nikol Paşinyan və Robert Koçaryanla yanaşı, eyni zamanda Qərb və Rusiya qarşıdurması kimi nəzərdən keçirilə bilər. Çünki Paşinyanın Rusiya prezidentinə yalvarışlarına, Rusiyaya səfər cəhdlərinə baxmayaraq düşünürəm ki, Rusiya siyasi hərbi elitasında Nikol Paşinyan xain, xəyanətkardır. Həmçinin o, regiondakı prosesləri anlamayan bacarıqsız adam olması ilə bağlı qənaətlər möhkəmdir. Bu baxımdan fikrimcə, Paşinyanın bölgə ilə bağlı atdığı hansısa addımlar və Rusiya haqqında söylədiyi saxta pozitiv fikirləri heç bir dəyəri yoxdur. Bunu da Rusiya  siyasi elitasında çox gözəl anlayırlar". 



T.İsmayılov qeyd edib ki, uzun illər Rusiya ilə əlaqələri olan Robert Koçaryan kimi qatilin bu seçkilərə qoşulma prosesi də özlüyündə çox ciddi düşündürücü bir məsələdir:

"Çünki rəy sorğuları da göstərir ki, Robert Koçaryanın ümumiyyətlə,  Ermənistanda iqtidara gəlmə şansları zəifdir. Məhz bu zəiflik faktorunu nəzərə alan Koçaryan da sonuncu müsahibəsində küçə iğtişaşlarının olma ehtimalından bəhs edib. Əslində bunun özü də absurddur. Çünki Koçaryan Paşinyanı küçədən hakimiyyətə gələn savadsız bir adam kimi dəyərləndirirdi. Amma indi özü xalq arasında heç bir reytinqin olmadığını görüb küçələrə çıxmaq və küçə hərəkatlarının hansısa bir alternativ akt olacağını qəbul edir.

Bununla bağlı erməni xalqına müxtəlif çağırışlar edir. Mən düşünürəm ki, seçkilər ərəfəsində may və iyun ayında, eyni zamanda seçkilərdən sonra payız ayında, həm də növbəti ilə yəni 2022-ci ilə qədər Ermənistanda çox siyasi hadisələr baş verəcək. Bütövlükdə isə ölkədəki demoqrafik problem - işsizlik, əhalinin başqa ölkələrə axını, ordunun məhv olması, ölkədə komandanlıq və siyasi idarəetmə arasındakı əlaqələrin itməsi Ermənistanın gələcəyi üçün yaxşı heç nə proqnozlaşdırmır.

Hesab edirəm ki, Ermənistanda hakimiyyətə kimin gəlməyindən asılı olmayaraq, bundan sonra onu  hansısa bir dövlətçilik platforması səviyyəsində inkişaf etdirmək, yaxud da ki, dünyada hansısa bir qərarda söz sahibi ola biləcək ən xırda ölkə halına gətirmək mümkün olmayacaq".