Təpkilər nəzərə alındı

Polislərin robot it ideyası reallaşmadı

Nyu-York polisinin robot it ideyası reallaşmadı. “Digidog” adı verilmiş robot it  ABŞ-ın “Boston Dynamics” şirkəti tərəfindən istehsal edilmişdi və “Spot” robotunun bir modeli idi.  “Şərq” “CNNTürk”-ə istinadən xəbər verir ki, polislər üçün xüsusi olaraq istehsal edilmiş robot it əngəllərin üzərindən atlana bilir, səsləri qeydə alır, görüntüləri “yaddaşı”na köçürürdü.  Nyu-York polisi “Digidog”u 94 min dollara 1 illiyinə kirayələmişdi. Lakin məsafədən idarə olunan robot it mənfi, müsbət – hər cür müzakirələrə səbəb oldu. Robot itin bəyənilməməsinin səbəbi qeyri-qanuni nəzarət, müşahidə həyata keçirə biləcəyi və azsaylı qrupların hədəf alınmasında istifadə ediləcəyi iddialarının ortaya atılmasıdır. “Polislər  bir robot itin yardımına möhtac qaldımı?” təpkiləri alan  Nyu-York Polis Təşkilatı  nəhayət, “Digidog”dan əl çəkdi. Polis təşkilatı ilə “Boston Dynamics” arasında avqust ayınadək müqavilə imzalanmış olsa da, Nyu-York polisi robot iti geri göndərməli olacaq. Nyu-York Terrorla Mücadilə şöbəsi şefi Con Miller robot itin “polisə qarşı ucuz əks-təbliğat qurbanı” olduğunu deyib. 
Nyu-York bələdiyyə başqanı Bill De Blasio isə qərarı müsbət qarşılayıb: “Yaxşı ki, geri verdilər. Robot it bizə yaraşmayan, yad, Nyu-Yorklulara yanlış mesajlar ötürən bir şey idi”. Demokrat Partiyasının millət vəkili Alexandra Ocasio-Cortez robotu “ayaqlı müşahidə İHA-sı” adlandırmışdı və ondan qara dərililərin hədəf alınmasında istifadə ediləcəyi ehtimalını ortaya atmışdı.