Deputatlar hansı müğənniləri dinləyirlər? - SORĞU: Maraqlı cavablar var

Deyirlər, “Musiqi ruhun qidasıdır”. Doğrudur. Həyatın keşməkeşli, çətin günlərində nə vaxt yorulsaq, kədərlənsək, musiqiyə sığınırıq. Elə sevincli olanda da həmin ünvana üz tuturuq. Gah həzin, gah şən nəğmələrlə estetik zövqümüzü oxşayır, cismimizi dincəldirik. Şübhəsiz, hər birimizin fərqli zövqü var.  Hərə öz aləminə uyğun janrda mahnılar dinləyir, yaxud da hansısa bir müğənniyə pərəstiş edir. Lakin  bəzi sahələrin nümayəndələri var ki, onların zövqləri, nə sevdikləri, hansı sənətçiyə heyran olduqları xususilə maraqlıdır. Onların sırasında millət vəkillərimiz də var. Daim deputatlardan cəmiyyətlə əlaqəli mövzularda, yaxud da siyasi məsələlərdə danışmaqlarını istəmişik.

Bu dəfə isə  özlərindən bəhs etmələri üçün bir neçə millət vəkili ilə əlaqə saxladıq. Soruşduq ki, ən çox dinlədiyiniz və sevdiyiniz müğənni, yaxud da xanəndə kimdir? Hansı janrda mahnıları bəyənirsiniz?

Əvvəlcə “Şərq”in suallarını millət vəkili Elman Məmmədov cavablandırdı. Elman müəllim Azərbaycan muğamının və ifaçılarının vurğunu olduğunu söyləyib:

“Çox dinləyirəm. Məndə onların hamısının səs yazıları, diskləri, keçmişdən qalma kasetləri var. Hansını dinləmək istədiyi isə insanın o anki durumuna baxır. Lap qədimlərdən bu günə qədər bütün muğam ifaçılarımız sevilməli və dəyərləndirilməlidir. Hazırda əsl xanəndə adını daşıyanlardan Mənsum İbrahimovu, Nəzakət Teymurovanı, Mələkxanım Əyyubovanı dinləyirəm.  Mərhum sənətkarlardan Şövkət Ələkbərovaya, Fatma Mehrəliyevaya, Sara Qədimovaya qulaq asıram. Xan Şuşinski karifeydir, onu hər zaman sevirik.  Məsələn, Yaqub  Məmmədov kimi dahi sənətkarı və başqalarının ifalarını da bəyənirəm. Azərbaycan musiqisini, xüsusilə də muğamlarımızı çox sevirəm”.

Deputat Elman Nəsirov  uşaqlıqdan Ağadadaş Ağayevin nəğmələrindən zövq aldığını deyib:

“Yalçın Rzazadənin mahnılarını çox sevirəm. Onun səsindəki titrəyiş mənə zövq verirdi. Fərqli səs tonu var idi. Allah rəhmət eləsin. Flora Kərimovanın ifaları mənə həmişə xoş təsir bağışlayıb, qulaqlarıma hopub. Onun “Bağışla” mahnısına uşaqlıqdan heyranam. O zamanlar Azərbaycan Firəngiz Mütəllimova adlı bir aktrisanı yeni  kəşf edirdi .”Səni atxarıram” televiziya tamaşasında Firəngiz Mütəllimova və dəyərli sənətkarımız Yaşar Nuri rol alırdı. Orada Flora xanımın həmin mahnısı səslənirdi”. 

Deputat Cavid Osmanov  Xalq artisti Arif Babayevi çox dinlədiyini xüsusi vurğulayıb:

“Ən çox o xoşuma gəlir. Başqa... Röyanın mahnıları da yaxşıdır. Ona da qulaq asıram”. 

Millət vəkili Fazil Mustafa deyib ki, birdən çox xanəndənin yaradıcılığını bəyənir: “Hər birinin gözəl nəğmələrini dinləyirəm. Seçim çox çətindir. Bir xeyli yaxşı səsi olan müğənnimiz də var. Fərq qoymaqda çətinlik çəkirəm. Məsələn, Şövkət Ələkbərovanı, Nərminə Məmmədovanı, sonra Rəşid Behbudovun ifalarına qulaq asıram.  Xüsusilə də R.Behbudovun “Lalələr” mahnısını çox sevirəm”.

Deputat Aqil Abbas  lakonik, lakin maraqlı cavab verdi: “Qədir Rüstəmov”.

Sonra Aqil müəllimdən gənc müğənni, yaxud da xanəndələrdən kimi bəyənib, dinlədiyini soruşdum. Onun cavabı isə olduqca tutarlı oldu:
“Qədir həmişə gəncdir və müasirdir”.

Millət vəkili Razi Nurullayev isə daha çox klassik musiqiyə bağlı olduğunu bildirib:

“Opera musiqisini çox sevirəm. Teatrlar açıq olanda  tez-tez tamaşalara və operalara gedirdim. İndi də onlayn dinləyirəm və internet üzərindən izləyirəm. Jüzeppe Verdinin bütün operalarına baxmışam və dinləmişəm. Öz musiqimizi də çox sevirəm. İmkan olduqca qarşıma çıxan, xoşuma gələn müğənnilərimizi də məmnuniyyətlə dinləyirəm. Muğamı da sevirəm. Son bir ayda ən çox Mətanət Əsədovanın  oxuduğu "Qədrini kim bilər" segahını dinləmişəm. Sözləri Telli Pənahqızınındır. Sənət adamları içində dostlarım var, onlara rəğbətlə yanaşıram. Hərdən görürəm ki, sənət adamlarının üstünə gedirlər, buna üzülürəm”.