Zərif cəzalanmalıdır: “Yayılan səs yazısı İran hakimiyyəti üçün...”


İranın xarici işlər naziri Cavad Zərif Qüds Qüvvələrinin sabiq komandanı general Qasım Süleymani haqqında dediyi və ölkə siyasətində böyük təpkilərə səbəb olan sözlərinə görə generalın ailəsindən və İran xalqından üzr istəyib.
C. Zərif  “sözlərim bəzi kəsimlər tərəfindən siyasi təzyiq vasitəsi  olaraq istifadə edildi. İfadələrimin Süleymanini sevənlər və ailəsini incitdiyinin fərqindəyəm” deyib. Məni suçlayan və iftira atdıqlarına inandığım hər kəsi bağışlayıram. 

İran xalqı, Süleymaninin bütün sevənləri və xüsusilə də ailəsindən məni bağışlayacaqlarına ümid edirəm” söyləyən C.Zərif  reportajın yayımlanacağını bilmədiyini, əks təqdirdə Q.Süleymani ilə bağlı hər hansı ifadə işlətməkdən çəkinəcəyini də deyib. Sözügedən reportajı İran hökuməti yayından çıxarsa da, apreln 25-də İran televiziyasının London mərkəsi reportajı ictimailəşdirib. C.Zərif  həmin reportajda Q.Süleymanini İranın xarici siyasətinə müdaxilədə suçlayıb. Buna görə də mühafizəkarların sərt reaksiyasına səbəb olub, hətta C.Zərifə  “istefa” çağırışı edilib. 

 Politoloq Sədrəddin Soltan cənub qonşumuzda baş verən siyasi proseslər barədə fikirlərini “Sherg.az”la bölüşdü: 

“İranın ali rəhbəri Ayətulla Seyid Əli Xamneyi İran xalqına müraciət etdi. O, çıxışı zamanı Zərifin açıqlamasına toxundu. Bildirdi ki, İran XİN-i xarici siyasəti müəyyənləşdirmir, sadəcə deyiləni icra edir. Əslində, bu, dünyanın bütün ölkələrində belədir. Hər bir dövlətin xarici siyasəti onun xarici konsepsiyasına uyğun olaraq inkişaf etdirilir. İranın xarici siyasətini müəyyənləşdirən Xamneyidir. Onun qərarlarından, iradəsindən, xeyir-duasından kənar addım atıla bilməz”. 

S.Soltan düşünür ki, İran XİN rəhbəri cəzalanmalıdır:

“İranın bundan əvvəlki XİN rəhbəri də istefaya göndərilmişdi. Çünki atom-nüvə silahı ilə bağlı xəta etmiş və prezidenti ali rəhbərdən üstün tutmuşdu. Xamneyi bu addımlarla ölkədə Qərblə danışıqlara meyil göstərən qüvvələrə mesaj verir. Zərifin bir müddət əvvəl yayılan səs yazısı onun İran hakimiyyəti üçün qəbuledilməz, səhv addım atdığını və üzərinə daha böyük məsuliyyət götürmək cəhdindən xəbər verir. Əvvəllər də Zəriflə bağlı belə fikirlər var idi. Ümumiyyətlə, son iyirmi ildə İran XİN-i ilə bu cür neqativ hallar çoxdur. Öz başına qərar verən hər kəs cəzalanır”.