Böyük Qayıdışa artıq start verilib

Tural Gəncəliyev: "Bundan sonra əsas diqqətimizi Qarabağa qayıdış məsələlərinə yönəldəcəyik"

Ötən il 44 gün davam edən Vətən müharibəsi çox çətin və şərəfli müharibə oldu. Həmin müharibə nəticəsində 30 ilə yaxın işğalda olan doğma torpaqlarımız azad edildi. Bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi sona çatdı. Belə olduğu təqdirdə, artıq Dağlıq Qarabağ kimi ayrıca bir ərazi vahidi də qalmadı. Artıq bütöv bir Azərbaycan var. Məhz buna görə də 2006-cı ildə qeydiyyata alınmış “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi aprelin 30-da ictimaiyyətə müraciət edərək təşkilatın buraxıldığını elan etdi.

İcmadan bildirildi ki, bundan sonra əsas fəaliyyətlərini tarixi və əzəli torpaqlarımıza böyük qayıdışın uğurla başa çatdırılmasına, Qarabağımızın dirçəldilməsinə yönəldəcəklər. Bu məqsədlə “Qarabağa dönüş” adlı ictimai birliyin yaradıldığı da elan olundu.

Bu barədə ləğv olunmuş “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri, millət vəkili Tural Gəncəliyev "Şərq"ə açıqlama verib. Milli Məclisin deputatı bildirib ki, icma uzun illər ərzində üzərinə düşən tarixi missiyanı layiqincə həyata keçirib: 

“Bildiyiniz kimi, uzun illər ərzində mövcud olan və 2006-cı ildə qeydiyyata alınmış “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi Ermənistanın təcavüzkarlıqlarının ifşa edilməsi, ölkə daxilində və ölkə xaricində bunun dünya ictimaiyyətinə çatdırılması ilə bağlı fəaliyyət apardı. Bu fəaliyyətimiz Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində zəfərlə yekunlaşdı. Müharibə nəticəsində Ermənistan ordusu darmadağın edildi və regionda yeni reallıqlar yarandı. Artıq Dağlıq Qarabağ adlı ayrıca inzibati ərazi vahidi mövcud deyil. Azərbaycanlı və erməni icmaları öz aktuallığını itirmişdir. İcma üzvləri olaraq da biz bu qərara gəldik ki, təşkilatın ictimai əhəmiyyəti bitmişdir. Azərbaycanlı və erməni icmalarının hansısa əhəmiyyəti yoxdur. Beləliklə də təşkilatın buraxılması haqqında qərar verdik. Bundan sonra əsas diqqətimizi Qarabağa qayıdış məsələlərinə yönəldəcəyik".

T.Gəncəliyev əlavə edib ki, “Qarabağa dönüş” adlı İctimai Birliyinin fəaliyyəti Qarabağdakı quruculuq işlərinə, insanlarımızın ləyaqətli şəkildə öz torpaqlarına qayıtmasına dəstək vermək olacaq:

"Beləliklə, bu gün bütün Azərbaycanı və azərbaycanlıları düşündürən ən əsas məsələ işğaldan azad edilən ərazilərin tezliklə bərpa edilməsi və vaxtilə qaçqın, məcburi köçkün düşmüş sakinləri öz yurd-yuvalarına qaytarmaqdır. Sevindirici haldır ki, "Böyük Qayıdış" sözləri ilə ifadə olunan bu müqəddəs missiyaya artıq start verilib. Bildiyimiz kimi, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Şuşanın gözəlləşdirilməsi və onun bütün dünyada tanıdılması istiqamətində aparılacaq işlərin tərkib hissəsi olaraq biz də bu işdə öz töhfəmizi vermək istəyirik. Sevindirici haldır ki, artıq 30 illik vətən həsrətinə son qoyulub. Biz öz doğma torpaqlarımıza geri qayıtmağa hazırlaşırıq, özü də ləyaqətli şəkildə. Hesab edirəm ki, bu müqəddəs missiyaya  "Qarabağa dönüş" adlı İctimai Birliyi öz töhfəsini verəcək.  Əminəm ki, artıq Qarabağda yaşayan ermənilər də ölkəmizin siyasi, iqtisadi, sosial və mədəni həyatına reinteqrasiya olunacaq. Ümumiyyətlə, digər etnik azlıqlar kimi onların da Azərbaycan Respublikası Konstitusiyası və suverenliyi çərçivəsində firəvan şəkildə yaşayacağına əminik".  

Deputat vurğulayıb ki, artıq onların qarşısında yeni vizion, yeni missiya var:

"Əsas missiyamız Qarabağda dağıdılmış mədəni irsimizi, tariximizi bərpa etməkdir. Həmçinin vətəndaşlarımızın Qarabağın hər bir bölgəsində firəvan yaşaması üçün orada normal şəraitin yaradılması işinə öz töhfəmizi verək. Ümidvaram ki, yeni təsis olunmuş "Qarabağa dönüş" İctimai Birliyinin intellektual və potensial üzvləri bu işdə ən yaxşı səviyyədə təmsil olunacaqlar".