Son dəqiqə! Xankəndi və ətraf ərazilər Azərbaycanın nəzarətinə keçəcək

"Yerli ermənilərdən kimsə Azərbaycan vətəndaşlığını qəbul etmirsə, gedib Ermənistanda, yaxud başqa ölkədə yaşaya bilər"


Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidovun sosial şəbəkə hesabında yazdığı “iyunda Xankəndi Bakının tam nəzarətində olacaq – istər güc, istərsə sülh yolu ilə” sözləri Ermənistanda ciddi təşvişə və müzakirələrə səbəb olub. Ə.Şahidov tviterdə “Xankəndi şəhərinin Azərbaycan ordusunun nəzarəti altına keçəcəyi və orada yaşayan erməni mülki vətəndaşların öz yaşayışlarına davam edə biləcəklərini” qeyd edib. İctimai fəalın erməni ictimaiyyətində qalmaqala səbəb olan məlum tvitindən sonra Qarabağ separatçıları “təkzib” yayıblar və Xankəndini “rus sülhməramlıları və “artsax ordusu”nun qoruduğunu” elan ediblər.

Qarabağdakı erməni separatçılarının keçmiş “ombudsmanı” kimi təqdim edilən Ruben Məlikyan deyib ki, “insanlar artıq açıq şəkildə danışır ki, iyunda Xankəndi Bakının nəzarətinə keçəcək”. Qarabağdakı erməni separatçılarının “parlament sədri” Artur Tovmasyan isə “ATƏT-in Minsk qrupunun fəaliyyətini davam etdirməsini zəruri sayaraq, Azərbaycanın ünvanına ittihamlar səsləndirib.

Tvit xaricdə yaşayan erməni diasporası arasında da geniş müzakirələrə yol açıb. Ermənilər israrla anlamaq istəmirlər ki, hazırda rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Xankəndi və digər ərazilər 10 noyabr Bəyannaməsinin şərtlərinə uyğun olaraq, Azərbaycan hərbçilərinin nəzarətinə veriləcək. Təbii ki, həmin ərazilərdə erməni hərbi birləşmələri olmayacaq. Yerli ermənilər isə öz həyatlarına Azərbaycan vətəndaşı kimi davam edə biləcəklər. 

Məlum qalmaqalla bağlı “Şərq”ə danışan hüquq müdafiəçisi Əhməd Şahidov vurğulayıb ki, sözləri Ermənistanda böyük ajiotaja səbəb olub. Ekspertin sözlərinə görə, minlərlə erməni siyasətçi, jurnalist, fəallar, blogerlər, diaspora nümayəndələri tvitimə sərt etiraz bildilər:

“Bir qisim yalan olduğunu iddia etdi. Digərləri isə Nikol Paşinyanı ittiham etdilər ki, bu, baş nazirin günahıdır. Hətta votsap nömrəmə təhqirlər yazdılar, təhdid etdilər. Tviter hesabımın bağlanması üçün çalışdılar. Bütün bunlar erməni cəmiyyətində seçkiqabağı növbəti eyforiyanın göstəricisidir. Ermənistan əhalisi panika halındadır. Mən bu söz-söhbətin ardınca bildirdim ki, Xankəndi və Qarabağın digər əraziləri Azərbaycan Respublikasının beynəlxalq çərçivəsində tanınmış əraziləridir. Heç bir ölkə, hətta Ermənistan belə həmin əraziləri “müstəqil ölkə” kimi tanımır. O torpaqlar birmənalı və mübahisəsiz Azərbaycana məxsusdur. 44 günlük savaşda Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün hərbi əməliyyatlara başladı. Noyabrın 8-9-da Xankəndinin bir addımlığına çatmışdıq. Məhz Ermənistan tərəfinin kapitulyasiya qərarı və Rusiyanın vasitəçilik missiyasını üzərinə götürməsi hərbi əməliyyatların dayanmasına səbəb oldu. Əks təqdirdə ordumuz Xankəndi və ətraf yerləri çox asan şəkildə erməni terrorçularından təmizləyəcəkdi”. 

Ə.Şahidov xatırladıb ki, 10 noyabr razılaşmasının məntiqi, məqsədi və hədəfi odur ki, Ermənistan təslim olur, zəbt etdiyi bütün əraziləri boşaldır. Nəticədə Xankəndi və ətrafına yerli ermənilərlə yanaşı, azərbaycanlılar da qayıdır və birgəyaşayış başlayır:

“Bu prosesə qarantor ölkə kimi Rusiya sülhməramlıları nəzarət edir və 5 il ərzində regionda qalır. Növbəti 5 ildə tərəflərdən biri razılıq verməzsə, rus qoşunları Qarabağdan çıxır. Heç bir halda Xankəndi və ətraf rayonlar erməni silahlılarının, yaxud rusların nəzarəti altında qala bilməz. Bu ərazilər zamanla Azərbaycana təhvil veriləcək. Cənab Prezident başda olmaqla, digər rəsmilər bu reallığı açıq şəkildə dəfələrlə bəyan ediblər. Nəyə görə Füzulidə, Zəngilanda, Şuşada və digər rayonlarımızda intensiv şəkildə yenidənqurma işləri aparılır? Məqsədimiz Xankəndi və digər ərazilərimizi də tam nəzarət altına almaq, suveren hüququmuzu sonadək bərpa etməkdir. Yerli ermənilərdən kimsə Azərbaycan vətəndaşlığını qəbul etmirsə, gedib Ermənistanda, yaxud başqa ölkədə yaşaya bilər. Görünən odur ki, ermənilərin bu reallığı qəbul etməsi bir qədər zaman alacaq. Ona görə də ara-sıra bu həqiqəti ermənilərə təlqin etmək lazımdır. 44 günlük savaş bitsə də, iki ölkə arasında informasiya müharibəsi davam etməkdədir. Məhz bu tviti atmaqla ermənilərə məlum həqiqəti yenidən xatırlatmaq istədim”. 

Ekspert Xankəndi ilə bağlı niyə konkret iyun ayını qeyd etməsinə də aydınlıq gətirib:

“İyun ayında Ermənistanda növbədənkənar parlament seçkiləridir. Nikol Paşinyan 10 noyabr Bəyanatını imzalamaqla bir çox öhdəliklər götürüb. Ermənilər iddia edirlər ki, guya, üçtərəfli sazişdə elə bənd yoxdur. 10 noyabr üçtərəfli sazişi əsas, təməl müddəaları əhatə edir. İki səhifəlik kağızda Qarabağla bağlı bütün məqamlar detallı şəkildə əksini tapa bilməz. Ona qalsa, 10 noyabr anlaşmasında rus sülhməramlılarının həyata keçirdikləri çoxşaxəli fəaliyyət də yoxdur. Yaxud nəqliyyat dəhlizi və s. layihələrlə bağlı ətraflı izahat da sazişdə əks olunmayıb. Amma bu o demək deyil ki, anlaşmada konkret ifadə olunmayan bəzi mühüm məqamlar reallaşmayacaq. Bizim üçün əsas məsələ Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasıdır”.