Onlar Vətən üçün canından keçənlərdir

"Qarabağ qazilərinə əlillik dərəcələrinin verilməsi ilə bağlı çox diqqətli olmaq lazımdır"

Azərbaycanda əlilliyə görə qruplar ləğv ediləcək. Bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin direktoru Cavid Əbdülqədirov deyib. Onun sözlərinə görə, indiyə qədər I, II və III qrup üzrə əlillik təyinatları aparılıb: "Bu, sadəcə qrup təyinatı idi. Artıq əlilliyin yeni meyarlarına dair sənədlər Milli Məclisə verilib. Əlilliyə görə qruplar ləğv ediləcək. İnsan orqanizminin itirilməsi faizlərlə ifadə olunacaq. İndiki I qrup 81-100, II qrup 61-80 faiz, III qrup 31-60 faiz olacaq. Eyni zamanda, 10-30 faiz üzrə isə sadəcə istehsalat zədəsi, peşə xəstəliyi olduğu halda əlillik qiymətləndirilməsi aparılacaq. Burada bir çox aparıcı ölkələrin təcrübəsi öyrənilir". Agentlik sədri qeyd edib ki, bu il əlillik təyinatı ilə bağlı 80 min müraciət olub, onlardan artıq 25 mininə təyinat verilib.



Tanınmış jurnalist Azər Həsrət "Şərq"ə açıqlamasında bildirib ki, Qarabağ qazilərinə əlillik dərəcələrinin verilməsi ilə bağlı çox diqqətli olmaq lazımdır. O qeyd edib ki, istehsalat qəzasında əlil olan şəxslə vətən üçün can qoyan şəxslər bərabər tutulmamalıdır:

"Hesab edirəm ki, xüsusən Qarabağ qazilərinə əlillik dərəcələrinin verilməsi, onların sosial problemlərinin həll edilməsi, pensiya təminatı və sair məsələlərdə çox diqqətli davranmaq lazımdır. Yəni dövlət mümkün olan maksimum yardımları etməlidir. Onlara güzəştlər mütləq, maksimum dərəcədə tətbiq edilməlidir. Təminatları həmişə daha öndə olmalıdır.

Əlbəttə ki, əlilliklə bağlı dərəcələrin verilməsi, yaxud da ki, əlilliyin qiymətləndirilməsi məsələsində də diqqətli olmaq lazımdır. Tutaq ki, bir istehsalat qəzasında ayağını itirmiş adamla fikrimcə, vətən üçün can qoyarkən ayağını itirmiş adam bərabər tutulmamalıdır. Yəni burada əlavə güzəşt və əlavə hansısa  ödəniş olmalıdır.

Çünki bu adam bilərəkdən canını fəda etmək üçün gedib ora. Yəni bilib ki, qarşıda onu ölüm gözləyir və yaxud da xəsarət gözləyir. Ona görə də bunu bilərək getmiş adamla tutaq ki, təsadüfən avtomobil qəzasında ayağını, əlini itirmiş adamı bərabər tutmaq olmaz.

O baxımdan düşünürəm ki, fərqləndirmə olmalıdr. Bu fərqləndirmə də təbii ki, Qarabağ qazilərinin, ümumiyyətlə, Vətən uğrunda savaşanların xeyrinə olmalıdır".