Film kimi olay yaşandı

Karantin evindən qaçmaq istədi, həyatını itirdi  

Türkiyənin Maltepe bölgəsində filmlərə səhnə ola biləcək faciəvi olay yaşanıb. Cəza müddətinin başa çatması ilə Maltepe cəzaçəkmə müəssisəsindən buraxılan Pakistan vətəndaşı 36 yaşlı Əli Muxtar koronavirus təhlükəsi nəzərə alınaraq karantin yurduna göndərilib.

Lakin keçmiş məhbus, görünür, daha artıq “qapalı” qalmaq istəməyib və döşəkağılarını və pərdələri uc-uca bağlayaraq kəndir düzəldib və karantin binasının 12-ci mərtəbəsindəki pəncərədən aşağı enməyə başlayıb. Əli Muxtar 6-cı mərtəbəyədək gəlib çatıb.

Lakin bu zaman döşəkağı və pərdələr bir-birindən qopub. Əli Muxtar 25 metr yüksəklikdən yerə çırpılaraq həyatını itirib. Keçmiş məhbus oğlanlar üçün nəzərdə tutulan Maltepe Memar Sinan Tələbə Yataqxanasına yerləşdirilibmiş.

Əli Muxtar yataqxanada 2 gün qalıb, sonra isə qaçmağa qərar verib. Nəticə isə məlumdur. Əli Muxtarın cənazəsi Ədli Tibb Qurumuna aparılıb. Yataqxananın yaxınlığındakı binanın sakini hadisə barədə bunları deyib: “Səhər saatlarında səsə oyandıq. Pəncərədən baxanda gördüm ki, təcili tibbi yardım maşını gəlib. Kimlərsə qışqırırdı. Bir nəfərin yuxarıdan aşağı pərdələrdən tutaraq endiyini öyrəndim. Dedilər ki, Pakistan vətəndaşıdır”.