Nazirlər Kabinetinin qərarı doğrudur

Bundan sonra müsabiqədən kənar ali təhsil müəssisələrinə qəbul olmuş şəxslər də təqaüd alacaqlar


Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydasında dəyişiklik edilib.

Təhsil eksperti Kamran Əsədov "Şərq"ə dəyişiklik barədə açıqlama verib. O qeyd edib ki, bu dəyişiklik Nazirlər Kabineti tərəfindən vaxtında atılmış bir addım idi:

"İndiyədək istər ali təhsil müəssisələrinin bakalavr, istərsə də magistratura pilləsinə qəbul zamanı təkcə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan nəticələri ilə qəbul olmurdular.

Eyni zamanda beynəlxalq yarış və olimpiadaların qalibləri də müsabiqədən kənar ödənişsiz ixtisaslara qəbul olurdular. Amma onlar ödənişsiz qəbul olsalar belə, təqaüd almırdılar.

Çünki onların minimum bal tələbləri əsas götürülürdü. Buna görə də beynəlxalq yarış və olimpiadaların qalibləri pulsuz həmin ixtisas üzrə qəbul olmalarına baxmayaraq təqaüddən kənar qalırdılar.

Nazirlər Kabineti tərəfindən edilmiş yeni dəyişikliyə əsasən, bundan sonra müsabiqədən kənar ali təhsil müəssisələrinə qəbul olmuş şəxslər qəbul jurnallarında adları çıxdıqdan və tələbə statusunu  aldıqdan sonra təqaüd alacaqlar. Bu onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müsbət addımdır". 

K.Əsədov magistratura pilləsində təhsil alanların təqaüd məsələsinə də toxunub:

"Burada magistratura pilləsində təhsil alanların təqaüd məsələsində də dəyişiklik edilib. Çünki indiyədək onların təqaüdləri 150 ballıq şkala ilə həyata keçirilirdi.

Bilirik ki, artıq Dövlət İmtahan Mərkəzi magistraturaya qəbul imtahanlarında maksimum balı 100 bal edib. Əvvəllər bu, 150 bal idi. İndi edilən dəyişikliyə görə magistratura pilləsində iki istiqamətli təqaüd olacaq.

Bir, əlaçı təqaüddür, digəri 91-dən yuxarı, bir də adi təqaüdlər. Hesab edirəm ki, bu, rəqabət mühitini artıracaq. Nəticədə tələbələr daha çox 91 baldan yuxarı yüksək nəticə göstərərək əlaçı təqaüdü almaqda maraqlı olacaqlar. Bu da onların birbaşa keyfiyyətini artıracaq.

Yəni edilən təqaüdlə bağlı dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, indi artıq yalnız 91 baldan yuxarılar əlaçı, digərləri isə magistratura pilləsində adi təqaüd alacaq".