Köhnə "oyunçular" meydanı tərk etməlidir

"Yaxşı olar ki, Minsk qrupu Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərə qiymət versin"

Fransanın Ermənistandakı səfiri Conatan Lakot bir neçə gün əvvəl baş tutan Rusiya və Fransa prezidentlərinin görüşünü şərh edib və bəzi detalları açıqlayıb. Səfir vurğulayıb ki, Moskva və Paris “Dağlıq Qarabağ konflikti” ətrafında situasiyanın dayanıqlı həllinə nail olmaq üçün Minsk qrupu çərçivəsində səylərini yeniləmək barədə razılaşıblar. Onun sözlərinə görə, yaxın zamanlarda bu istiqamətdə konkret təşəbbüslər ediləcək: “Qafqazdakı situasiyaya gəlincə, Prezident Makron “hərbi əsirlər”, humanitar yardım və mədəni irsin müdafiəsi məsələlərində konkret inkişafa nail olmağın vacibliyini vurğulayıb”. Səfir “Qarabağ konflikti”nin sülh yoluyla həlli ilə bağlı danışıqların yenilənməsinin həmsədrlər üçün prioritet olduğunu söyləyib.

Rəsmi Bakı Minsk qrupu ilə bağlı konkret mövqeyini ortaya qoyub və münaqişənin bitdiyini dəfələrlə vurğulayıb. Amma göründüyü kimi Fransa və Rusiya israrla həmsədrlər məsələsini yenidən gündəmə gətirməyə, “ölmüş” vasitəçilik missiyasını diriltməyə çalışırlar. 

Siyasi icmalçı Azər Niftiyev “Şərq”ə açıqlamasında bildirib ki, Rusiya və Fransa Minsk qrupu amilini yenidən qabartmaqla, Azərbaycana təzyiq göstərməyə çalışırlar. Ekspertin sözlərinə görə, ölkəmizin regionda artan rolu, böyük iqtisadi layihələrin Azərbaycan üzərindən həyata keçirilməsi beynəlxalq oyunçuları narahat edir:

“Onları əsas narahat edən daha bir məqam isə münaqişə tərəflərindən birinin – Azərbaycanın müstəqil siyasət yürütməsi ilə bağlıdır. Türkiyə ilə Azərbaycan arasında yaxınlaşan münasibətlər də ciddi narahatlıq doğurur. Anlayırlar ki, ölkəmiz qarşıdakı mərhələdə Türkiyə ilə bərabər addımlar atmaqda israrlıdır. Hesab edirəm ki, Fransanın Ermənistandakı səfiri Conatan Lakotanın məlum açıqlaması Azərbaycanla yanaşı, həm də Türkiyəyə qarşı təzyiqdir. Uzun illərdir tarixi Azərbaycan torpaqlarının işğal edilməsinə göz yuman beynəlxalq birlik, o cümlədən Rusiya və Fransa 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfəri həzm edə bilmir. Xüsusən, müharibə sonrası Prezident İlham Əliyevin açıqlamaları, status məsələsinin və münaqişənin bitdiyini dəfələrlə söyləməsi ermənilərə bağlı qüvvələri hərəkətə keçirib. Hər kəsə məlumdur ki, Ermənistan uzun illərdir regionda Rusiyanın forpostu rolunda çıxış edir. Fransa isə erməni lobbisinin ən güclü dayaqlara malik olduğu, ermənipərəst bir ölkədir. Bu xüsusda Minsk qrupu ilə bağlı müzakirələrin yenidən gündəmə gətirilməsi təsadüfi deyil. Söhbət o Minsk qrupundan gedir ki, fəaliyyət göstərdiyi müddətdə heç bir irəliləyişə nail olmayıb. Kağız üzərində fəaliyyət göstərən bu qurum bu günə qədər mövcud olan ən uğursuz birliklərdən biri olub. Yenidən bu qurumun rolunu qabartmaq, guya, sülhə nail olacağını iddia etmək gülüncdür və yəqin ki, bu, elə söz olaraq qalacaq. Bu mənada ciddi narahatlığa əsas görmürəm”.

Rəsmi Bakının məsələyə münasibətindən danışan A.Niftiyevin sözlərinə görə, Azərbaycan münaqişənin dinc yolla həllinə uzun müddət çalışıb. Məhz bu baş vermədiyinə görə, öz doğma torpaqlarını işğaldan azad edib:

“Minsk qrupu iş görən olsaydı, bu müddət ərzində görərdi. Minsk qrupunun yarıtmaz fəaliyyətinin nəticəsidir ki, münaqişənin həlli illərlə uzanıb. Bu gün isə Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Bilirsiniz ki, Azərbaycan tərəfi həmişə konstruktiv dialoqa hazır olub. Bu gün də hazırdır. Lakin bu məsələdən Azərbaycana qarşı təzyiq kimi istifadə etmək istəyənlər anlamalıdırlar ki, bu yolla ən böyük zərbəni Ermənistana vururlar. Məhz işğalçı və terrorçu fəaliyyətinin nəticəsidir ki, Ermənistan bütün regional iqtisadi layihələrdən kənarda dayanıb.

Faktiki olaraq düşmən ölkə səfalət həddindədir. Yaranmış tarixi fürsətdən istifadə etmək, nəqliyyat və kommunikasiya xətlərini bərpa etməklə, bu vəziyyətdən çıxmağa çalışmalı olan Ermənistanı yenidən qızışdırmaq regionda sabitliyin olmasında maraqlı olmayan qüvvələrin mövcudluğundan xəbər verir.

Yaxşı olar ki, Minsk qrupu Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərə qiymət versin. Ermənilər orada daşı daş üstdə qoymayıblar. Sanki oradan vəhşi bir qəbilə keçib. Onların bununla bağlı bircə bəyanatına belə rast gəlmək olmur. Heç şübhəsiz, baş verənlər, o cümlədən bu məsələdə Fransa-Rusiya yaxınlaşması hadisələrin gedişatına təsir göstərməyəcək. Conatan Lakotanın açıqlaması da kağız üzərində qalacaq.

Çünki Minsk qrupunun münaqişələri nizamlamaq təcrübəsi yoxdur və bayaq qeyd etdiyim kimi, uğursuz bir qurum kimi faktiki olaraq öz ömrünü başa vurub”.