Hələlik iqtisadiyyatımız təhlükə ilə üzləşməyib

Mərkəzi Bankın ehtiyatlarının azalması o qədər də kəskin deyil


2021-ci il mayın 1-nə olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 6,367 milyard dollar təşkil edib. Bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verilib.

Hesabata əsasən, Mərkəzi Bankın valyuta ehtiyatları 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz azalıb. Eyni zamanda, 2021-ci il yanvarın əvvəli ilə müqayisədə valyuta ehtiyatları 0,2 faiz və ya 11,4 milyon dollar azalıb.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Mərkəzi Bankın ehtiyatlarının azalması hazırda o qədər də kəskin deyil. İqtisadçı qeyd edib ki, bu rəqəm kəskin olmadığına görə, hələlik onun iqtisadiyyata, makroiqtisadi təsirləri haqqında danışmaq tezdir. Sadəcə, həm Neft Fondunun, həm də Mərkəzi Bankın ehtiyatlarının azalması keçən ildən baş verən pandemiya   dövründə  bəzi makroiqtisadi göstəricilərin də zəifləməsi ilə əlaqədardır". 

N.Cəfərli əlavə edib ki, ancaq bu tendensiya düşünüdürücüdür:

"Əgər bu tendensiya davam etsə və növbəti rüblərdə də biz eyni nəticəni görsək, artıq o zaman bu məsələlərin daha ciddi araşdrılmasına ehtiyac var. O zaman onun gələcəkdə manatın məzənnəsinə və makroiqtisadi təsirləri ilə bağlı daha geniş fikir yürütmək mümkün olacaq".