Baydenin "soyqırımı" bəyanatı faktlarla YALANLANDI – AKTUAL 

“Çünki Baydenin dediyi onun və onu dəstəkləyən qüvvələrin mövqeyidir”

“Nə tarixlə əlaqəsi var, nə insan haqları ilə, nə də beynəlxalq hüquqla”

“Mövzu çox sadədir, bəsitdir, hətta primitivdir. Lakin tiqranoidlər və onları dəstəkləyənlər, xüsusilə də Rusiya və Fransa mediası sakitləşmir”
Bu sözləri siyasi analitik, jurnalist Elçin Alıoğlu deyib. 
 O, məsələ barədə daha ətraflı “Sherg.az”a danışıb:


“Baydenin "soyqırım" deməsi heç nəyi dəyişən deyil, dəyişə də bilməz. Çünki Baydenin dediyi onun və onu dəstəkləyən qüvvələrin mövqeyidir. Nə tarixlə əlaqəsi var, nə insan haqları ilə, nə də beynəlxalq hüquqla. ABŞ prezidentinin açıqlamasını "Türkiyəyə qarşı sanksiyalar olacaq, 1915-ci ildəki hadisələrə görə türklərdən təzminat ala biləcəyik" təki anlayan ermənilərə sevinməyi əsla məsləhət görmürəm.



Baydenin bəyanatının hüquqi nəticələri ola bilməz. Qondarma erməni soyqırımının hüquqi müstəvidə tanınması üçün ilkin və qaçılmaz mərhələ qismində ona BMT Baş Assambleyasının 1948-ci ilin dekabrın 9-da Parisdə qəbul etdiyi, 1951-ci ilin yanvarın 12-də qüvvəyə minmiş "Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında" konvensiyasının şərtlərinin tətbiq, habelə tövsif olunması gərəkdir.

Ermənilərin qondarma soyqırımın 1915-ci ildə törədildiyini iddia etmələrini, sözügedən konvensiyanın isə 1951-ci ildə qəbul olunduğunu nəzərə alsaq, hüquqi kazus göz qabağındadır. Belədə qanunun əksinə işləməsi prinsipi, yəni retroaktivliyi işə düşə bilərmi? Qanunun retroaktivliyi prinsipi sadə məsələdir: qanunun və ya digər hüquqi normanın onun qəbul edilərək qüvvəyə minməsindən əvvəl baş vermiş hadisələrə tətbiqi nəzərdə tutulur”. 

 E. Alıoğlu Baydenin açıqlamasının hüquqi əsası olmadığını faktlarla izah etdi: 

“İstisna yəhudi soyqırımı  Holokostla bağlıdır ki, səbəb bəsitdir: Nürnberq tribunalında Holokostun törədilməsi tam sübuta yetirilib. Ermənilərin "soyqırım" iddiaları ilə bağlı qanunlar deyir ki, soyqırım qismində dəyərləndirilən və ya iddia edilən istənilən olay məlum konvensiyanın qüvvəyə mindiyi vaxtadək, yəni 1951-ci ilədək törədilibsə, o, hüquqi baxımdan soyqırım sayılmır. Ermənilərin iddialarının hüquqi müstəvidə baxışa qəbul edilməsi üçün qondarma soyqırımın 1951-ci ilin yanvarın 12-dən sonra "törədilməsi" vacib şərtdir. Bu olmadığı üçün Co Baydenin bəyanatı, amerikalı senatorlarla konqresmenlərin qətnamələri və ya hər hansı başqa kağız parçası ABŞ-ı dövlət səviyyəsində erməni iddialarını tanımağa hüquqi prosedurlar çərçivəsində sövq edə bilməz”.