Niyə Lavrov İrəvandan dərhal sonra Bakıya gəlmir? –Yeni ssenari

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərləri heç zaman xeyrimizə olmayıb. Rusiyalı diplomatın bütün təşəbbüsləri ziyanımıza olub. 2016-cı ilin aprelində təcili Bakıya gəldi və inandırdı ki, münaqişənin həlliylə bağlı “həll planı” işə düşəcək. İşğalçıya qarşı əks-hücumu dayandırdıq, ancaq Lavrov Bakını tərk etdikdən sonra Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vacibliyini arxa plana keçirdi”.
Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. 

 O, “Sherg.az”a açıqlamasında bildirib ki, kifayət qədər diqqətli olmaq lazımdır: 

“Niyə Lavrov İrəvana səfərdən dərhal sonra birbaşa Bakıya gəlmir?  Görünür, nazirin hər iki tərəf üçün “sürpiz” təklifləri var. Lavrov həm də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qabaqlamaq istəyir. Çünki Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Ramazan bayramında, yəni mayın ortalarında Şuşaya gəlmək niyyətindədir. Bakı və Ankara bu səfərə hazırlıqlara başlayıb. Moskva narahatdır.

Kreml Ərdoğanın Şuşaya səfəri zamanı irəli sürəcək təkliflərdən ehtiyat edir. Ərdoğanın aprelin 24-də azərbaycanlı həmkarı İlham Əliyevlə telefon danışığından sonra “birgə addımlar atacağıq” açıqlaması da Kremli narahat etməmiş deyil. Lavrov Bakıya hansı təkliflə gəlirsə-gəlsin, Kremlin növbəti hiyləsinə aldanmaq olmaz.

Rusiyanın Qarabağdakı hərbçiləri Xankəndidə “hərbi parad” keçirəcək və bundan bir gün sonra Lavrov Bakıya gəlib bizi sakitləşdirməyə və “balanslı xarici siyasəti” qorumağa çağıracaq. Lavrova anlatmalıyıq ki, Rusiya ilə Türkiyə bizim üçün eyni ola bilməz”.