Keşikçidağ məsələsi kimin xeyrinə həll olunacaq?- ŞƏRH

Xarici işlər naziri Ceyhun Bayramov Bakıda rəsmi səfərdə olan gürcüstanlı həmkarı David Zalkaliani ilə Gürcüstan-Azərbaycan dövlət sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı müzakirə aparıb. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Hər iki nazir qısa müddətdə komissiyanın iclasını çağırmaqla bağlı razılıqlarını və istəkli olduqlarını ifadə ediblər. Qeyd olunub ki, bu məsələ müvafiq komissiyanın fəaliyyəti çərçivəsində Gürcüstan və Azərbaycan arasındakı strateji tərəfdaşlıq əlaqələrinə və hər iki ölkənin maraqlarına uyğun şəkildə həllini tapmalıdır.

XİN başçılarının müzakirəsini “Sherg.az”a təhlil edən politoloq Sədrəddin Soltan Azərbaycan və Gürcüstanın strateji müttəfiq olduğunu söyləyib:

“İki ölkə ərazisini birləşdirən bir sıra ortaq və beynəlxalq layihə var. Təəssüf ki, Azərbaycan-Gürcüstan arasında sərhədlərin bölünməsi və təsdiqlənməsi məsələsinə dair müəyyən problemlər mövcuddur. Bu problemləri də Gürcüstandakı ara qarışdırıcı qüvvələr yaradırlar. Çünki tarixən həmin ərazilər Azərbaycanın olub. Ümumilikdə götürdükdə o ərazilər Borçalıya daxildir və Borçalı da Azərbaycan türklərinin tarixi torpaqlarıdır. Sadəcə olaraq SSRİ gəldi və dünya dəyişdi. İndi isə SSRİ-dən qalma xəritə əsasında müttəfiq olan bütün ölkələrin sərhədləri müəyyənləşib”.

S.Soltan vurğulayıb ki, Azərbaycanla Gürcüstan arasında mübahisəli sayılan ərazilər SSRİ-dən qalan xəritələrə əsasən ölkəmizindir:

“Lakin Gürcüstandakı bəzi qüvvələr ermənilik edirlər. Hesab edirlər ki, guya Gürcüstan Avropa ölkəsidir və Avropa İttifaqında (Aİ) bəzi qüvvələr onları dəstəkləyəcək, onlar da bu dəstək sayəsində torpaqlarımıza yiyələnəcəklər.

Ona görə də Gürcüstanla aramızdakı əsas problemli məsələ Keşikçidağ kilsəsidir. Gürcülər də bu əraziyə iddia edirlər ki, guya həmin kilsə gürcülərin xristian məbədidir. Eynilə ermənilər Azərbaycan torpaqlarındakı qədim xristian məbədlərinə necə iddia edirdilərsə, gürcülər də həmin addımı atır.

Keşikçidağ məbədinin mənşəyinə dair Azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyil. Azərbaycan mənbələrinə görə, Keşikçidağ məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbənləri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər.

Amma həm ermənilər, həm gürcülər, həm də dünyada onları dəstəkləyən havadarlar unudurlar ki, Azərbaycan türkləri İslamandan əvvəl xristianlığı qəbul ediblər. Azərbaycanın xristianlıqla bağlı öz təriqəti olub. Təəssüf ki, gürcülərin baş keşişi və prezidenti bu cür təhrikedici məsələlərə imza atır. Lakin Gürcüstanda da tarixi və dünyanı yaxşı dərk edən adamlar kimin torpağının hara qədər olduğunu yaxşı bilirlər.

Tarixdə elə məsələlər var ki, münaqişə yaranmasın deyə onları bir müddət sonraya saxlayırlar. Hesab edirəm ki, gürcülərin iddialarını da zamana buraxmaq lazımdır. Sözügedən torpaqlarda Azərbaycan əsgərləri dayanır. Keçmiş Rusiya tarixi də həmin ərazilərin bizim olduğumuzu təsdiqləyir”.