Lavrovun İrəvandan mesajı:“Qarabağda anklav yaratmaq istəyirlər” – TƏHLİL 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağda dinc həyatın qurulması üçün aparılan prosesləri siyasiləşdirməməyə çağırış edib. Rusiya XİN rəhbəri bu sözləri İrəvanda erməni həmkarı Ara Ayvazyanla görüşün yekunlarına həsr olunmuş birgə mətbuat konfransında çıxışı zamanı deyib.
“İndi prosesi siyasiləşdirməyə ehtiyac yoxdur. Proses kifayət qədər çətin gedir. Çünki bu regionun birləşdirilməsi marşrutları ilə əlaqədar məsələlər həll olunur. Sərhədlərin delimitasiya və demarkasiya məsələləri həll olunur. Bunlar regionun rahat nəfəs alması və dinc həyat yaşaması üçün həll edilməsi lazım olan praktik, başa düşülən şeylərdir”, - deyə S.Lavrov bildirib.

S.Lavrov qeyd edib ki, sözügedən məsələləri sonraya saxlayıb, əvvəlcə siyasi diskusiyalarla məşğul olmağa cəhd edənlər bütün prosesi alt-üst edir.
“İnsanlar - həm azərbaycanlılar, həm də ermənilər uzun onillər və yüzillər ərzində bir-biri ilə yaşadığı kimi normal yaşamağa başlayanda – siyasi məsələləri həll etmək daha asan olur”, - deyə Rusiya XİN rəhbəri deyib.

O, bölgədəki iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması üçün Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupu tərəfindən regiondakı vəziyyətin normallaşmasına mühüm töhfə verildiyini də qeyd edib.
“Bu işin uğuru ümumi vəziyyəti normallaşdırmaq və münaqişədən sonrakı dövrdə konstruktiv əməkdaşlıq qurmaq üçün lazımi şəraitin yaradılmasında həlledici olacaq”, - deyə S.Lavrov vurğulayıb.

Nazir, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin ilk növbədə etimad mühitinin yaradılmasına kömək üçün gələcək fəaliyyətlərinin zəruriliyini vurğulayıb.

 BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli rusiyalı nazirin Ermənistana səfərini “Sherg.az”a şərh etdi:

“Rusiya Cənubi Qafqazı öz təsirində saxlamaq istəyir və buna müəyyən mənada nail olur. İndi isə prosesi daha da dərinləşdirir. Lavrov İrəvanda tərəflər arasında bioloji təhlükəsizliklə bağlı memorandum imzalayıb. Ermənistan həmişə bu sənədi imzalamaqdan boyun qaçırıb. Rus siyasətçiləri, o cümlədən Lavrov isə müntəzəm olaraq deyirdi ki, ABŞ-ın Ermənistanda bioloji laboratoriyaları var və orada sınaqlar aparılır. İndi sözügedən sənədin imzalanması, əlbəttə, Kremlin təzyiqi nəticəsində baş verib. Bu, həm də ABŞ-a mesajdır. İkinci bir tərəfdən isə, nazirlər arasında görüşdən sonra Lavrovla Ayvazyanın bəyanatları, demək olar, cümləbəcümlə üst-üstə düşüb. Onların hər ikisi prosesləri siyasiləşdirməyə ehtiyac olmadığını söyləyiblər. Deməli, görüş tərəflərin bir-birilərinə etibarı əsasında baş tutub. Hərçənd, baş verənlər siyasi proseslərdir. Görünür, həmişə olduğu kimi, yenə də şimal qonşumuzun əməli ilə sözü üst-üstə düşmür”.

S.Məmmədlinin fikrincə, bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı arasında telefon danışığının olması da təsadüfi deyil: 


“Görünür, hansısa ciddi məsələlər müzakirə olunur. Ankaranın isə Moskvanın bu davranışlarından xoşu gəlmir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun son açıqlaması dediyim fikri təsdiq edir. Liderlər arasında telefon danışığından sonra Kreml sözçüsü bəyanat verib ki, Qarabağ məsələsinin tənzimlənməsi barədə müzakirələr gedib. Sual yaranır: Putin indiyədək məsələnin həll olunduğunu demirdi?! Görünür, Rusiya Türkiyəni Cənubi Qafqazda fakt qarşısında qoymaq istəyir. Həmçinin Azərbaycana da təzyiqlər olacaq. Biz bunu Lavrovun ölkəmizə səfəri zamanı gündəmə gətiriləcək bəzi məsələlərdə görəcəyik. Sevindirici tərəf isə Rusiyanın Azərbaycan və Türkiyə ilə razılaşdırılmadan hansısa addım atmağın mümkünsüzlüyünü anlamasıdır. Moskva baş verən proseslərdə Ankaranı əsas “oyunçu”lardan biri kimi qəbul edir. İntensiv danışıqlar da bunu göstərir”.

Professor, həmçinin Rusiyanın Qarabağla bağlı planını açıqladı: 

“Kreml həm Azərbaycana, həm də Ermənistana təzyiqlər etməyə çalışır. Moskva maraqlarından geri çəkilmir və Qarabağda anklav yaratmaq istəyir. Qondarma rejimin “başçısı” Araik Arutunyanın Hadrut və Qarabağ vilayətlərinin bərpası haqqında açıqlaması da təsadüfi deyil. Onun Moskvaya səfəri, müxtəlif vədlər verməsi, tikinti prosesləri ilə maraqlanması, belə demək mümkünsə, “əl-qol açması” Moskvanın Arutunyanı ürəkləndirdiyini göstərir. Hər halda Kreml ikili oyun oynayır və çirkin niyyətlərini həyata keçirməyə çalışır”.