“Starlink”in 1300 peyki artıq orbitdədir


"Astronomlar bildirirlər ki, peyklərin çoxluğu və xüsusilə də onların parlaqlığı elmi tədqiqatlara, elmin inkişafına mane olur"

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz orbitə buraxılan peyklərlə bağlı "Facebook" səhifəsində son proseslərə toxunub. O vurğulayıb ki, astronomlar səmanın çirklənməsi, qlobal şirkətlər isə orbitdə yer qalmadığı ilə bağlı şikayətlərə başlayıblar: “Hədəfdə İlon Maskdır. Məlum olduğu kimi, onun "Speys-X" şirkətinin “Starlik” peykləri, o cümlədən də OnVeb (OneWeb) və digər şirkətlərin minlərlə peyki artıq göydədir. Bu peyklər dünyanın istənilən yerinə internet xidməti təqdim edəcək. Bu peykləri gecə vaxtı adi gözlə də müşahidə etmək olur. Yeri gəlmişkən, artıq Qazaxıstan və Ukrayna kimi ölkələr də adı çəkilən şirkətlərlə peyk interneti əldə etmək üçün müqavilələr imzalayıblar. İlon Maskdan yalnız göyləri zəbt etmək deyil, həm də kosmosu zibilləməklə bağlı şikayətlər var. Şirkətlər Maskı kosmosu inhisara almaqda ittiham edirlər”.
O.Gündüz qeyd edir ki, onlar "Speys-X" şirkətinin üstün texnoloji mövqedən istifadə etməsi və tələm-tələsik minlərlə peyki orbitə qaldırması səbəbindən kosmosda digər şirkətlər üçün məhdud sayda imkanların qaldığını, digər peyklərin siqnallarının bloklandığını bildirirlər: “Təkcə “Starlink”in 1300 peyki artıq orbitdədir. Yaxın zamanlarda isə bunun 13 000 olacağı planlanıb. Astronomlar bildirirlər ki, peyklərin çoxluğu və xüsusilə də onların parlaqlığı elmi tədqiqatlara, elmin inkişafına mane olur. Bununla bağlı onlar BMT-yə şikayət də ünvanlayıblar. Onlar peyklərin qadağan olunmasını deyil, hamı üçün məcburi olan yeni tənzimləmələrin qəbul edilməsini, peyklərin parlaqlığının nizamlanmasını tələb edirlər”.