Qanuna dəyişiklik təqdir edildi


"Vətən müharibəsi qəhrəmanlarının mənzilləri tarixi abidə hesab olunacaq"


“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik edilir. Dəyişikliklə, Azərbaycan Respublikasının Vətən müharibəsi qəhrəmanlarının, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının Azərbaycan Respublikasının Vətən müharibəsi qəhrəmanlarının həyatı ilə bağlı mənzillər, xatirə yerləri, sənədlər və əşyalar tarixi abidə hesab olunacaq.

Təklifə münasibət bildirən Qarabağ qazisi, "Qazilər.az" saytının baş redaktoru Rey Kərimoğlu "Şərq"ə açıqlamasında bildirib ki, Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi çox mühümdür.

O qeyd edib ki, Vətən müharibəsində iştirak edənlərlə, qazilərlə, şəhidlərlə bağlı atılan hər bir müsbət addım alqışa layiqdir: "Əlbəttə, mən də öz növbəmdə bunu çox təqdirəlayiq hesab edirəm. Fikrimcə, Vətən müharibəsi qəhrəmanlarının mənzilləri tarixi abidə hesab olunmalıdır. Əlbəttə, onların yaşadıqları evlər vətəndaşlarımız tərəfindən ziyarət olunmalı, onların qəhrəmanlıqları unudulmamalıdır. Necə ki, Azərbaycanın tanınmış şəxsləri Üzeyir Hacıbəyovun, Cəlil Məmmədquluzadənin ev muzeyi var, onlar da o şəkildə olsa yaxşı olar". 

R.Kərimoğlu onu da əlavə edib ki, şəhidlər haqqında qanunda dəyişiklik edilməlidir:

"Çünki orada çox biabırçı bəndlər var. Həmin bəndlərin yenilənməsinə çox ehtiyac var. Təsəvvürünüzə gətirin ki, şəhidin adına məktəb vermək olmaz. Gərək ikinci medalı və ordeni olsun. Təbii ki, bu qanun dəyişməlidir".