Bir çox ölkələrdə bu qayda var

Vətən uğrunda, dövlətimiz uğrunda həlak olanların tabutu dövlət bayrağı ilə örtülə bilər

Azərbaycan Respublikasının “Vətən müharibəsi Qəhrəmanı” adı və ya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş, eləcə də Azərbaycan Respublikasının “Zəfər” ordeni, “Qarabağ” ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin tabutu hərbi ehtiram göstərilməsi zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı ilə örtüləcək. Bununla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinə dəyişiklik edilir.

Mövzuya münasibət bildirən “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı "Şərq"ə açıqlamasında bildirib ki, bir çox ölkələrdə bu qayda var. O qeyd edib ki, bu, şəhidlərə edilən hörmətin, qiymətin göstəricisidir:

"Vətən uğrunda, dövlətimiz uğrunda həlak olanların tabutu dövlət bayrağı ilə örtülə bilər. Bir çox ölkələrdə bu qayda var. Bu onlara xalqın, dövlətin ehtiramını və verdiyi qiyməti göstərir. Əlbəttə, yaxşı olardı ki, ehtiram təkcə bununla bitməsin.

Onların ailəsinə sosial güzəştlər artırılsın, mənzil şəraitləri yaxşılaşdırılsın, adları əbədiləşdirilsin, haqlarında məqalə, roman və hekayələr yazılsın, sənədli və bədii filmlər çəkilsin. Yəni hesab edirəm ki, ehtiram həm mənəvi, həm maddi istiqamətdə göstərilməlidir".