Yeni xəritə cızılır

Liderlər telefon danışıqları zamanı Ağ Evə mesaj verdilər

Ərdoğanla Putin Cənubi Qafqazın gələcək taleyini həll edirlər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ruiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Telefon danışığı zamanı tərəflər ikitərəfli əlaqələr, Suriya və Liviyadakı vəziyyət daxil olmaqla Qarabağ ətrafında cərəyan edən prosesləri, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini də müzakirə ediblər. Rusiya-Türkiyə əməkdaşlığının konstruktiv xarakter daşıdığı qeyd olunub. Liderlər şəxsi təmasları davam etdirməyə və digər kanallar vasitəsilə müntəzəm ikitərəfli dialoqu inkişaf etdirməyə razılaşıblar.


Putinin Ərdoğana zəngi ekspertlər tərəfindən geniş müzakirə olunmaqdadır. Xüsusən, Rusiya XİN başçısı Sergey Lavrovun İrəvanda səfərdə olduğu vaxt liderlərin Qarabağı müzakirəsi Rusiyanın regionda yeni mərhələyə hazırlığı kimi dəyərləndirilir. Putinin də bu haqda Ərdoğanı məlumatlandırdığı deyilir. Ümumən isə Putinin Ərdoğanı məlumatlandırması “Ankara ilə hesablaşma” kimi xarakterizə olunur. 

İki ölkə rəhbərinin telefon danışığını “Şərq”ə analiz edən politoloq Elçin Xalidbəyli vurğulayıb ki, Türkiyə və Rusiya arasında belə məsləhətləşmələr bundan sonra daha tez-tez olacaq. Analitikin sözlərinə görə, liderlər arasında sonuncu təmasın Rusiya Xarici işlər naziri Sergey Lavrovun İrəvana səfərinə təsadüf etməsi xüsusi məqsəd daşıya bilər:

“Kreml Türkiyənin Cənubi Qafqazda rolunu qabartmağa üstünlük verir. Ona görə də Prezident Vladimir Putinin Türkiyə lideri ilə danışması Rusiyanın Qarabağda deyil, Cənubi Qafqazda yeni dövrə hazırlanması anlamına gəlir. Məsələ ondadır ki, ABŞ yenidən Cənubi Qafqaza can atır. Prezident Co Baydenin “genosid” kəlməsini tələffüz etməsi də məhz bununla bağlıdır. “Genosid” kəlməsi ilə mövqeləri zəifləyib, Rusiyadan asılı vəziyyətə düşmüş “Soros”çu Paşinyan hakimiyyətini yenidən gücləndirməyə çalışdılar. Təbii ki, bütün bunlar Kremldə ciddi narahatlıq doğurur. Ona görə də ABŞ-ın bölgəyə dönüş cəhdlərini bloklamaq məqsədilə müxtəlif manevrlər edilir”. 

Siyasi şərhçinin fikrincə, indiki situasiyada Rusiya və Türkiyənin maraqları bəzi məsələlərdə uzlaşır:

“Xüsusilə, Ağ Ev sahibinin “genosid əməliyyatı” Türkiyə ilə Rusiyanın yaxınlaşmasına əlavə impulslar verir. Kreml bundan istifadə etmək niyyətindədir. Rusiya ABŞ və Qərbə mesaj verir ki, Cənubi Qafqazda bütün məsələlər Türkiyə ilə anlaşma çərçivəsində həll olunacaq. Türkiyə artıq Cənubi Qafqazda əsas geopolitik oyunçulardan biridir. Yəni Kreml Ağ Evə ABŞ-ın bir “genosid” kəlməsi ilə Ermənistan üzərindən Cənubi Qafqaza girə bilməyəcəyinin dolayısı mesajını verir. Cənubi Qafqazda Rusiya və Türkiyənin strateji tərəfdaş olduğunu göstərməyə çalışır. Kremldə ABŞ-Türkiyə münasibətlərinin yaxın vaxtlarda böhrandan çıxarılmasının mümkün olmayacağı qənaətinə gəliblər. Bu vəziyyətdən də Rusiyanın maraqları çərçivəsində yararlanmağa çalışırlar.
Təbii ki, belə vəziyyət həm də Ermənistan üçün əlavə təhlükə faktorları ortaya çıxara bilər. Kreml üçün qapazaltı olmuş Ermənistan daha sərfəlidir. Ona görə də, Ermənistana təhlükə törədən, bu ölkənin mövcudluğunu təhdid edən faktorlar Rusiyanın işinə yarayır. Məhz belə faktorlar xəyanətə meyilli ermənilərin Rusiyanın nəzarətində qalmasında xüsusi rol oynaya bilər”.

E.Xalidbəyli vurğulayıb ki, bütün bunları nəzərə aldıqda, Rusiya və Türkiyə prezidentlərinin son telefon danışığını Cənubi Qafqazın gələcəyi ilə əlaqələndirmək olar:

“Bu iki ölkə Cənubi Qafqazda ABŞ-ın maraqlarını hesaba qatmaq niyyətində olmadıqlarını sezdirməyə çalışırlar. Eyni zamanda telefon danışığında müzakirə edilən məsələlərin sırasının geniş olması da Ağ Evə mesajdır. Yəni Türkiyə və Rusiyanın ortaq maraqlarının daha geniş olduğu da qabardılır. Böyük ehtimalla Kremli sadəcə, Qarabağda deyil, ümumiyyətlə, regionda, hətta dünyada başlaya biləcək yeni dövr daha çox maraqlandırır və narahat edir. Belə vəziyyətdə isə həm Cənubi Qafqazda, həm də beynəlxalq arenada Türkiyə ilə strateji tərəfdaşlıq Rusiya üçün olduqca sərfəli variantdır”.