İndidən falçılıq etmək olmaz

Görünür Ülviyyə Mikayılovanı “Space” TV-yə təyin edənlərin öz arqumentləri var. Yəqin ki, arqumentləri kifayət qədər tutarlıdır

İki gündür sosial şəbəkələrdə və bir sıra saytlarda müzakirə olunan mövzulardan biri də ADA Universitetinin dosenti, fəlsəfə elmləri doktoru Ülviyyə Mikayılovanın “Space” teleradio şirkətinə rəhbər təyin olunmasıdır. Yeni sədr fəaliyyətə başlamazdan öncə sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. Əksəriyyət Ülviyyə Mikayılovanın televiziya sahəsindən uzaq olmasını əsas gətirərək telekanalın inkişafına töhfə verə bilməyəcəyini iddia edirlər. Ü.Mikayılova bu barədə ilkin açıqlamasını verib və vurğulayıb ki, yaxın vaxtlarda görəcəyi işlərlə bağlı açıqlama verəcək:

“Bu təyinat mənim üçün bir az gözlənilməz oldu. Hələ ki, “Space” televiziyasında hansı işlərin görüləcəyi ilə bağlı nəsə danışmaq tezdir. Məni təzəcə təyin ediblər. Televiziyadakı işlərlə tanış olmalıyam. Allah qoysa, işlərlə tanış olandan sonra bu barədə danışaram. Kollektivlə ötəri tanış olmuşam. Sabahdan daha yaxından tanış olmağa başlayacağam. Artıq “Space”dəyəm”. Məlumat üçün bildirək ki, Ülviyyə Mikayılova fizika və fizikanın tədrisi üzrə Bakı Dövlət Universitetini fərqlənmə ilə bitirib. İngiltərənin Mançester Universitetindən magistr dərəcəsinə, Tbilisi Dövlət Universitetindən fəlsəfə elmləri namizədi dərəcəsinə malikdir. 2004-cü ildən 2015-ci ilədək “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İctimai Birliyinin direktoru vəzifəsində çalışıb. Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü olub. 

Təyinatla bağlı fikirlərini “Şərq”lə bölüşən tanınmış jurnalist, teleaparıcı Azər Həsrət bildirib ki, indidən nəsə demək tezdir. Amma media nümayəndəsinin sözlərinə görə, başlanğıc o qədər də uğurlu görünmür:

“Telekanala rəhbər təyin olunan xanımın televiziya sahəsi ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Eyni zamanda biznes sahəsində də böyük uğurlar qazandığını əks etdirən məlumatlara rast gəlinmir. Hər halda məsələyə iki yöndə yanaşmaq lazımdır. Birincisi, informasiya ilə işləməkdirsə, ikinci tərəfi biznesi bacarmaqdır. Ancaq Ü.Mikayılovanın bəhs edilən iki sahə ilə əlaqəsi bilinmir. Xanım sədrin hansı potensiala malik olduğunu da bilmirik. Haradan bilək ki, o, nəyi bacaracaq, nəyi bacarmayacaq? Bu bir az falçılıq olar. Əlbəttə, təyinat vaxtı fikrimi soruşsaydılar, deyərdim ki, telekanal rəhbərliyinə media sahəsini bilən adamın təyin olunması daha məqsədəuyğun olardı. Xüsusən, operativlik və dəqiqlik tələb edən müasir zamanda media ilə işləməyi bacaran bir şəxsin televiziyaya rəhbər olması daha uyğundur. Lakin görünür, Ü.Mikayılovanı “Space” TV-yə təyin edənlərin öz arqumentləri var. Yəqin ki, arqumentləri kifayət qədər tutarlıdır. Biz nə deyə bilərik. İşi uğurlu olsun və “Space" TV-nin keçmiş şöhrətini geri qaytarsın”.

A.Həsrət xatırladıb ki, kanalın intellektual dövrü var idi, çox populyar televiziya idi:

“Mən də əvvəllər həmin kanalın canlı efirlərində olardım. Amma son illər “Space" TV-yə baxmağa belə meyillənmirəm. Arzu edirik, bizim kimi tamaşaçıların yenidən kanala köklənməsini bacarsınlar. Buna nail olub-olmayacaqlarını zaman göstərəcək. Xanım özü deyir ki, hələ iş yeri və kollektivlə təzə tanış olur. Bizə isə bir müddət gözləmək qalır. Hətta sədrin işi uğursuz olsa belə buna qarışacağımız yoxdur. Çünki özəl şirkətdir. Əgər kanalı inkişaf etdirə biləcəksə, uğur əldə edəcək və irəliyə gedəcək. Əks halda isə kanal batıb gedəcək. Azərbaycanda bunun bənzəri var”.