Azərbaycanlı London meri vəzifəsinə namizəddir

Xaricdəki soydaşlarımızın siyasi fəallıqlarını artırması yerli cəmiyyətlərə inteqrasiya baxımından müsbət nəticə verəcək

Londonda keçirilən mer seçkilərində azərbaycanlı Kamran Balayev də iştirak edir. Həmyerlimiz London meri vəzifəsinə namizəddir. Onun namizədliyi 2017-ci ildə yaradılmış “Renew” mərkəzçi partiyası tərəfindən irəli sürülüb. K.Balayevin ən əsas rəqibləri arasında hazırkı mer, Leyboristlər Partiyasının namizədi Sadıq Xan və Mühafizəkarlar Partiyasının namizədi Shaun Bailey də var. 

Kamran Balayev Kembric Universitetinin və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) məzunudur. O, BMT-nin bəyannamələri çərçivəsində insan haqlarının qorunması məsələləri ilə məşğul olan “Sərhədsiz hüquqşünaslar” təşkilatının qurucusudur. Xatırladaq ki, Londonda mer seçkiləri ötən il keçirilməli olsa da, koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Hazırda seçicilər poçt yolu ilə və seçki məntəqələrinə getməklə səsvermə hüququndan istifadə edə bilirlər. 



İctimaiyyət nümayəndələrinin fikrincə, seçkinin nəticəsinin nə olmasından asılı olmayaraq, xarici ölkələrdə həmvətənlərimizin, ələlxüsus gənclərimizin bu cür siyasi-ictimai fəaliyyət sərgiləməsi, yaşadıqları ölkənin proseslərində aktiv olması olduqca mühüm və zəruridir. Soydaşlarımızın müxtəlif xarici ölkələrdə mühüm vəzifələrdə təmsilçiliyi ilk növbədə Azərbaycanın maraqlarının və həqiqətlərinin dünyada daha yaxşı tanıdılmasına imkan yaradır.
 
“Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadə “Şərq”ə bildirib ki, xaricdəki həmvətənlərimizin seçkili orqanlarda təmsil olunmaları, yaşadıqları ölkələrin rəsmi qurumlarında məmur olaraq çalışmaları təqdir olunası haldır. Birlik sədrinin sözlərinə görə, son zamanlar müxtəlif ölkələrdə keçirilən meriya, parlament və bələdiyyə seçkilərində azərbaycanlıların iştirakı çox müsbət haldır:

“Bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsinə ehtiyac var. Xaricdəki soydaşlarımızın siyasi fəallıqlarını artırması yerli cəmiyyətlərə inteqrasiya baxımından müsbət nəticə verəcək. Artıq istər fərdi, istərsə də ümumi ictimai-siyasi fəaliyyətlər yeni dövrün tələblərinə uyğun qurulmalıdır. Bu baxımdan dünya azərbaycanlılarının üzərinə böyük məsuliyyət düşür.

Xüsusən, xaricdə yaşayan soydaşlarımız, Azərbaycan diasporunun inkişafında və xaricdə yaşayan azərbaycanlıların, xüsusilə diaspor nümayəndələrinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çevik addımlar atmalıdırlar”. 

F.Hüseynzadə bəyan edib ki, Prezident İlham Əliyev Dünya azərbaycanlılarının III qurultayındakı çıxışında bu istiqamətdə xaricdəki soydaşlarımıza öz tövsiyələrini verib:

“Dövlət başçısı bildirib ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız o ölkələrin daxili siyasətinin amilinə çevrilməlidir. Artıq bunun vaxtı gəlib çatıb: “Həm ölkəmizin inkişafı, həm diaspor təşkilatlarımızın güclənməsi qarşımızda indi belə imkanlar açır. Soydaşlarımız - azərbaycanlılar yaşadıqları ölkələrdə dövlət, hökumət qurumlarında təmsil olunmalıdırlar. Onların sayı da bəzi hallarda buna imkan verir. Qanunvericilik orqanlarında təmsil olunmalıdırlar. Bunu etmək üçün azərbaycanlılar arasında qarşılıqlı dəstək və birlik daha da güclü olmalıdır”. Biz hər zaman vurğulayırıq ki, diasporumuz öz strategiyasını həyata keçirmək üçün taktiki yollarını zamana görə dəyişməlidir. Yəni diaspor siyasətində yeni trendlərə üstünlük verilməlidir”.