O günə az qalıb...

Paşinyan seçkilərdən sonra bütün iddialarını donduracaq

Baş nazir Azərbaycan və Türkiyə ilə əməkdaşlıqda daha maraqlı olacaq


“Bu gün Ermənistanın Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməkdən başqa alternativi yoxdur”. 
Bunu “Şərq”ə açıqlamasında millət vəkili Azər Badamov deyib. Deputat bildirib ki, əgər Ermənistan əməkdaşlıq etməkdən boyun qaçırsa, daha çox tənəzzülə gedəcək və ermənilərin ölkəni tərk etmələrini sürətləndirəcək: “Ermənistan tərəfi bundan sui-istifadə edib, normal qonşuluq münasibətləri əvəzinə, yenə sərsəm iddialar arxasınca düşəcəkmi? Hazırda Ermənistanda revanşist fikirlərin və yenidən torpaqlarımızın işğalı kimi sərsəm ideyalarını səsləndirdiklərini eşidirik.

44 günlük Vətən müharibəsində Ermənistan ordusunu məhv etdik. Yenidən müharibə üçün ordunun formalaşmasına on illər lazım olacaq. Ermənistanın ictimai-siyasi vəziyyəti özünün ən ağır və gərgin günlərini yaşayır.

Müxalifət də, iqtidar da 20 iyunda keçiriləcək parlament seçkilərində qalib olmaq üçün xalqın xoşuna gələn revanşist düşüncələr və Azərbaycana qarşı ittihamlar səsləndirirlər.

Düşünürəm ki, Ermənistanda baş verən bütün bu revanşist ideyalar seçkiyə qədər davam edəcək. Paşinyanın seçkidə qalib olmaq şansı digərlərindən daha çoxdur və düşünürəm ki, o, yenidən baş nazir seçiləcək. Paşinyan yenidən öz yerini möhkəmlədəndən sonra bu gün Azərbaycana qarşı səsləndirilən bütün iddialarını sonlandıracaq. Azərbaycan və Türkiyə ilə əməkdaşlıqda daha maraqlı olacaq”.

Parlament üzvü qeyd edib ki, ABŞ-ın regiona marağı artdıqca, Rusiya bölgədə daha da möhkəmlənmək istəyəcək və müəllifi olduğu üçtərəfli bəyanatını icra olunmasını sürətləndirməklə yeni əməkdaşlıq mühitinin formlaşmasına töhfə verəcək:

“Rusiya Cənubi Qafqazda Amerikanın olmasında maraqlı deyil. Moskva regionda Azərbaycanla əməkdaşlığa üstünlük verdiyini ifadə edir, həmçinin, Ermənistanı da bu əməkdaşlığa cəlb etməyə çalışır. Sirr deyil ki, Ermənistan iqtisadiyyatı və hərbisi birbaşa Rusiyanın əlindədir. Rusiyasız Ermənistan heç nədir. Rusiya isə Azərbaycanın və Türkiyənin imkanlarından istifadə etməklə Ermənistanı yeni əməkdaşlıq mühitinə cəlb etməkdə maraqlıdır”.