Zəngəzur dəhlizi heç bir ölkənin əleyhinə deyil

Anlamaq lazımdır ki, bu dəhliz bütövlükdə Cənubi Qafqazın iqtisadi inkişafına öz töhfəsini verəcək

Xəbər verdiyimiz kimi ötən gün Prezident İlham Əliyev ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edib. Dövlət başçısı bildirib ki, iki ölkənin xalqları arasında münasibətlər uzun tarixə, əsrlər boyu davam edən yaxşı qonşuluq və dostluq tarixinə əsaslanır. Ölkə rəhbəri vurğulayıb ki, tərəflərin enerji və nəqliyyat layihələrinin birgə icrası ilə bağlı yaxşı tarixi var: “Bu layihələr regionun siyasi, iqtisadi, nəqliyyat və energetika xəritəsini dəyişib.

Ölkələrimiz arasında güclü tərəfdaşlıq olmasaydı, bu layihələrin icrası mümkün olmazdı”. Baş nazir İrakli Qaribaşvili də vurğulayıb ki, iki ölkə rəhbərliyi birlikdə ən mühüm əhəmiyyət kəsb edən tarixi layihələr icra ediblər: “Bəxtimiz gətirib ki, biz qonşuyuq. Bu bizim taleyimizdir. Bir-birimizə çox bağlıyıq və qarşılıqlı əlaqədəyik. Münasibətlərimizi və qardaşlığımızı gücləndirəcək daha çox layihələrin birgə icrasını davam etdirməkdə tamamilə qətiyyətli və həvəsliyik”. Məlumat üçün bildirək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana səfəri çərçivəsində həmkarı Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə də görüşüb. Həmçinin, Azərbaycan və Gürcüstan XİN rəhbərləri də görüşərək, ölkələrimiz arasındakı sərhəd məsələsinin müzakirəsini aparıblar. 

Sirr deyil ki, zaman-zaman iki ölkə arasında müəyyən ziddiyyətli məqamlar da olub. Əsasən ermənilər tərəfindən iki ölkənin və xalqların qarşıdurmasına hesablanmış addımlar atılıb. Ara-sıra Tiflis hökumətinin davranışları da tənqid olunub. Son günlərdə isə daha çox vurğulanan odur ki, Gürcüstan Zəngəzur dəhlizinin reallaşmasından narahatdır. 

Qonşu ölkə ilə münasibətlərimizi “Şərq”ə təhlil edən millət vəkili Ceyhun Məmmədov bildirib ki, Gürcüstanla Azərbaycanın əlaqələri yüksək səviyyədədir. Deputatın sözlərinə görə, iki ölkə arasında münasibətlərin əsası Ulu Öndər tərəfindən qoyulub və cənab Prezident tərəfindən uğurla inkişaf etdirilir:

“Azərbaycanın mühüm enerji layihələri, nəqliyyat dəhlizləri Gürcüstan ərazisindən keçir. Rəsmi Bakı hər zaman, hər şəraitdə qonşu Gürcüstanla əməkdaşlığa xüsusi önəm verib. Hazırda Gürcüstana ən çox investisiya yatıran ölkə Azərbaycandır. Bu faktın özü göstərir ki, rəsmi Bakı ikitərəfli əlaqələrə ciddi yanaşır. Münasibətlərimizin dərin kökləri var. Amma ermənilər zaman-zaman əlaqələrimizin pozulmasına, əməkdaşlığın zədələnməsinə cəhdlər edirlər. Müxtəlif yollarla Azərbaycanla Gürcüstan arasında gərginlik yaratmağa çalışıblar.

“Gürcüstan Zəngəzur dəhlizi ilə bağlı narahatdır” iddialarına gəldikdə isə əslində Zəngəzur dəhlizi sadəcə Azərbaycanın, Türkiyənin deyil, bütövlükdə Cənubi Qafqazın iqtisadi inkişafına öz töhfəsini verəcək. Anlamaq lazımdır ki, Zəngəzur dəhlizi hansısa ölkənin əleyhinə deyil. Dövlət başçısı da Gürcüstanın baş nazirini qəbul edərkən diqqətə çatdırdı ki, Azərbaycan tərəfi Gürcüstanla bir sıra layihələrin icrasında maraqlıdır. Azərbaycan və Gürcüstan rəhbərliyi, rəsmi nümayəndə heyətləri arasında baş tutan görüşlər ikili əməkdaşlığı daha da inkişaf etdirəcək və narahatlıq doğuran məqamlar tamamən aradan çıxacaq. Səfər çərçivəsində tərəflər bir sıra məsələləri ciddi müzakirə etdilər”. 

Parlament üzvü vurğulayıb ki, Azərbaycan tərəfi 44 günlük Vətən müharibəsindən sonra regionda üçlü və altılıq əməkdaşlıq modelini təklif edib:

“Bu təklifdə məqsəd Cənubi Qafqaz ölkələrinin əməkdaşlığını daha da gücləndirməkdir. Qarabağ münaqişəsinin davam etməsi bölgədə sülhə və təhlükəsizliyə təhdid yaradırdı. Bu təhdidin aradan qalxması bütövlükdə regionun tərəqqisinə zəmin yaradacaq. Şübhə yox ki, tərəflərin görüşündə də Azərbaycan tərəfi öz yanaşmasını, planını, məramını Gürcüstan tərəfinin diqqətinə çatdırdı”.