10 noyabr razılaşmasının bəndləri pozulur

İranın Azərbaycan ərazisinə qanunsuz soxulması dayandırılmalıdır


“İrana məxsus yük avtomobillərinin Xankəndiyə naməlum yüklər daşıması və bununla bağlı narazılıq təbiidir. Bu, ilk növbədə Azərbaycan dövlət sərhədinin qanunsuz olaraq pozulması deməkdir”.
Bu barədə “Şərq”ə açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib. Partiya təmsilçisi qeyd edib ki, İran hakimiyyətinin qardaş xalq hesab etdiyi ermənilərə yardım göstərmək niyyəti var idisə, bunu mütləq bizim qanuni strukturlarımızla razılaşdırmalı idi:

“Əgər İranın belə təşəbbüsü olsaydı, Azərbaycan hökuməti anlayışla yanaşardı. Həm də bu addım Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızla körpü yaratmaq şansı olardı. Tehranın daşınan yüklərin “humanitar yardım” olması barədə bəyanatına inanmamaq üçün əlimizdə kifayət qədər əsaslar var. İranın niyyəti humanitar yardım idisə, bunu qaçaq yolla etməsi çox şübhəlidir. Bu addım eyni zamanda bölgəyə hərbi sursatın daşınması qadağalarının pozulmasıdır. Qonşu dövlətin bu sayaq davranışı ilk deyil. Torpaqlarımızın işğalda olduğu 30 il ərzində, eləcə də 44 gün davam edən Vətən müharibəsi zamanı mütəmadi olaraq separatçı rejimə hərbi texnika daşınması baş verib”. 

Siyasi şərhçi vurğulayıb ki, İranın Azərbaycan ərazisinə qanunsuz soxulması əvvəllər nəzarətimizdə olmayan sərhəd rayonlarımız vasitəsilə edilirdisə, bu dəfə eyni davranış Laçın dəhlizindən keçməklə həyata keçirilir.

Bu qanunsuz hərəkətin həm də Rusiya sülhməramlılarının iştirakı ilə baş tutması 10 noyabr sazişinin bəndlərinin pozulması deməkdir. Həmçinin, Rusiya və Türkiyə arasında razılaşdırılan ortaq nəzarətin prinsiplərinə ziddir. Hesab edirəm ki, Ağdamda yerləşən nəzarət punktları oyundankənar vəziyyətdədir və Türkiyənin nəzarət mexanizmini neytrallaşdırır. Laçın dəhlizi ilə bağlı ciddi tədbirlərin görülməsinə ehtiyac yaranıb. Baş vermiş hadisələr Laçının statusu ilə bağlı danışıqlara yenidən qayıtmağa bizə əsas verir. Münaqişənin aktiv hərbi fazasının durdurulmasından kifayət qədər zaman keçib. Mərhələli şəkildə ərazilərimizə nəzarəti ələ almağın zamanıdır”.